Volvo şirkəti istehsal etdiyi krossoverlərin sayını üçə artırmaq istəyi artıq sirr deyildir. Bir müddət bundan öncə isveç istehsalçısı XC60 krossoverini təqdim etmişdi.
Bu günlərdə Volvo şirkətinin mətbuat xidməti yaxın zamanlarda təqdim ediləcək yığcam ölçülü XC40 krossoverinin ilk tizerlərini dərc edib. Doğrudur, biz yeni avtomobil təqdim edilənə qədər hələ çox tizerlər seyr etməli olacağıq. Lakin, bu gün dərc edilən tizerlər bir qədər qeyri-adi üslubdadır. Tizerlərin əsas məqsədi yeni Volvo XC40 krossoverinin fərdiləşdirmə imkanlarını göstərməkdir. Tizerlərdən məlum olduğu kimi Volvo XC40 modelinin kuzovunu bir rəngdən əlavə iki rəngli sxemlə də sifariş etmək mümkün olacaqdır. Bundan başqa, avtomobilin interyerinin tərtibatında da geniş çeşiddə materiallardan və rənglərdən istifadə ediləcəkdir. Rənglərə misal olaraq Lava Orange və Oxide Red rənglərini misal gətirmək olar.
Volvo XC40 modelinin seriya variantının Volvo şirkətinin Geely şirkəti ilə birgə hazırladıqları CMA (Compact Modular Architecture) adlı modul platformasında yığılacağı da məlumdur.