Volvo Cars şirkətinin baş direktoru Hokan Samuelsson, COVID-19 pandemiyası bitdikdən sonra avtomobil bazarının hansı istiqamətdə dəyişəcəyi ilə bağlı fikirlərini səsləndirib. O, infeksiyanın yaratdığı "silkələnmənin" elektromobillərə kütləvi keçidi sürətləndirəcəyini və onları daha populyar hala gətirəcəyinə inadığını vurğulayıb. Samuelsson, böyük şəhərlərdə insanların şəxsi avtomobillərdən imtina edəcəyini və abunə xidmətlərinin populyarlaşacağını bildirib.
Samuelsson, elektromobillərin post-pandemiya bazarında üstünlük təşkil edəcəyindən əmindir, lakin top menecer bu nəticəyə necə gəldiyini izah etmir. "Elektrikləşdirmə sürətlənəcək,- CGTN Samuelssondan sitat gətirir. - Bir neçə aydan sonra hər şeyin normal hala qayıdacağına və alıcıların dizel avtomobilləri almaq istəyi ilə salonlara gələcəyinə inanmaq sadəlövhlükdür. Onlar daha çox elektrokarlar almaq istədiklərini bildirəcəklər. Bu, belə də davam edəcəkdir". Böyük ehtimalla, Volvo rəhbəri müxtəlif ölkələrin hökumətlərinin dəstəyinə arxalanır. Onun fikrincə, "hakimiyyət köhnə deyil, yeni texnologiyaların yeridilməsi üçün pul xərcləməlidir".
Hokan Samuelsson
Samuelsson həmçinin, avtomobilə sahibolma formasının dəyişəcəyinə inanır: insanlar daha çox abunə və lizinq xidmətləri lehinə fərdi avtomobil almaqdan imtina edəcəklər. "Şəhərdəki fərdi avtomobil konsepsiyası köhnəlmişdir",- Hokan vurğulayıb.
Əksər ekspertlər, pandemiyadan sonra insanların, əksinə, ictimai nəqliyyatdan imtina edərək fərdi nəqliyyata üstünlük verəcəklərini proqnozlaşdırırlar. Lakin, Volvo rəhbəri şəhər sakinlərinin daha çox piyada yeriməyə və ya velosiped sürəməyə üstünlük verəcəklərinə inandığını bildirib. O, avtomobillərin problemin həlli yolunun olmadığını da qeyd edib.
Pilotsuz nəqliyyat vasitələrinə gəlincə, Samuelsson onların tezliklə meydana çıxacağını proqnozlaşdırır. Yaxşı hava şəraitində məhdud ərazidə müstəqil hərəkət edə bilən robotlaşdırılmış taksilər də, yaxın illərdə yollara çıxa bilərlər. O zamana qədər, Volvo şirkəti müasir avtonom idarəetmə sistemlərini dəstəkləyəcək SPA 2 arxitekturasının təkmilləşdirilmiş versiyasını təqdim edəcəkdir.