Volvo şirkəti digər avtomobil istehsalçılarından sonra elektromobillərə keçidi təxirə salır. İsveçli avtomobil istehsalçısı 2030-cu ilə qədər model xəttini tamamilə elektrikləşdirmək strategiyasından imtina etdiyini bəyan edib. Bunun iki səbəbi var: şarj infrastrukturunun ləng inkişafı və bəzi bazarlarda dövlət tərəfindən verilən subsidiyaların aradan qaldırılması. Eyni zamanda, Volvo özünün “elektrikləşdirmə sahəsində sənaye lideri” olaraq qaldığını da vurğulayıb.

Düzəliş edilmiş strategiyaya əsasən, elektrik nəqliyyat vasitələrinə tam keçid istənilən halda baş tutacaq, lakin 2030-cu ilə qədər deyil. Bu qərar “dəyişən bazar şəraiti və müştərilərin tələbləri” fonunda qəbul edilib. Tam elektrikləşdirmə və 2040-cı ilə qədər istixana qazları tullantılarının sıfır səviyyəsinə nail olmaq, avtomobil istehsalçısının əsas məqsədi kimi qalır, lakin bu məqsəd indi daha uzunmüddətlidir.

Şirkət 2030-cu ilə qədər elektromobillərin və hibridlərin satış payını 90-100 faizə çatdırmağı hədəfləyir. Qalan 10 faizi "yumşaq" hibridlər təşkil edəcək. 2025-ci ilə qədər elektrikləşdirilmiş Volvo modelləri ümumi satışların 50-60 faizini təşkil etməlidir.

"Bu onilliyin sonunu gözləmədən Volvo Cars tam elektrik avtomobilləri çeşidinə sahib olacaq, - İsveç markasının rəsmi bəyanatında deyilir. - Bu, bazar şərtləri uyğun gəlməsi halında tam elektrikləşdirməyə keçməyə imkan verəcək".

Qlobal satış statistikasına əsasən, Volvo 2023-cü ildə 709 min avtomobil satıb ki, bu da rekord göstəricidir. 2024-cü ilin ikinci rübündə brendin ümumi istehsalında elektrik avtomobillərinin payı 26 faiz, hibridlərin payı isə, 48 faiz təşkil edib.

Əvvəllər Mercedes-Benz ümumi elektrikləşdirmə planının uğursuzluğa düçar olduğunu etiraf edib - elektromobillərə keçiddə gecikmə ən azı beş il olacaq. Şirkət batareyalı avtomobillərə tələbin gözlənildiyindən az olduğunu, ona görə də daxili yanma mühərriklərindən imtinanın məqsəduyğun olmadığını bildirib. Ford, Bentley, Aston Martin və başqaları da oxşar nəticəyə gəliblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.