Volvo Trucks şirkəti maraqlı bir tədbir həyata keçirmişdir – İsveç istehgsalçısı Volvo S60 Polestar TC1 və 2400 at qüvvəli mühərrikə malik olan “Dəmir cəngavər” adlı yük avtomobilini dreqdə müqayisə etmişdir. Bu hadisəni əks etirən videoçarx İsveçdə yerləşən Mantorp avtodromunda qeydə alınmışdır.
Çəkilişlərdə Volvo S60 sedanının WTCC çempionatı üçün hazırlanmış 400 at qüvvəli modifikasiyası iştirak etmişdir. Bu avtomobil 1,6-litrlik dörd silindrli turbomühərrik və 6-pilləli sekvental ötürmələr qutusu ilə təchiz edilir. Yarış sedanının çəkisi 1100 kiloqrama qədərdir. Sedanın rəqibi iki dəfə dünya rekorduna imza atmış The Knight (“Dəmir cəngavər”) adlı xüsusi hazırlanmış yük avtomobilidir. Çəkisi 4,5 ton olan yük avtomobili 12,8-litrlik dörd turbokompressorlu altı silindrli mühərriklə təchiz edilmişdir ki, bu aqreqat 2400 at qüvvəsinə və 6000 Nm fırlanma anına malikdir.
Sırıfdan ilk “yüzlüyə” yük avtomobili 4,5 saniyəyə sürətlənir və onun maksimal sürəti 276 km/saat təşkil edir. “Dəmir cəngavər” 500 metrlik məsafəni 12,71 saniyəyə, 1000 metrliyi isə 21,29 saniyəyə qət edir.