Volvo Trucks şirkəti Tesla Semi modelinin birbaşa rəqibi olacaq VNR Electric elektrik yedəkçisinin tizerini dərc edib. Yeni yük avtomobili gələn ildən başlayaraq nümayiş məqsədi ilə Kaliforniyadakı müəssisələrdə istifadə ediləcəkdir. Bir il sonra isə, elektrik yedəkçisinin istismarına başlanacaqdır.
Elektrik yedəkçisini mövcud olan VNR modelinin bazasında inşa edəcəkdirlər. Hazırdan Volvo VNR 330(1695 Nm) və 510 (2508 Nm) at qüvvəsinə malik olan D11 və D13 dizel mühərrikləri ilə təklif olunur. Zahiri cəhətdən VNR Electric L-şəkilli gündüz hərəkət işıqları, işıqlanan loqotip və batareyaların vəziyyətini əks etdirən indikatorlar ilə seçiləcəkdir. Yedəkçinin seriyaöncəsi prototiplərində ağır FE Electric yük avtomobilinin elektrik güc qurğusundan istifadə olunacaqdır.
Bu, ümumi gücü 503 at qüvvəsi və 850 Nm olan iki elektrik mühərrikinin tandemidir. Güc qurğusu ikipilləli transmissiya və 200-300 kilovat-saatlıq batareyalar ilə təchiz ediləcəkdir. Sonuncu 27 tonluq FE Electric modelinə 200 kilometr qət etməyə imkan verir.