Bir müddət əvvəl, Volvo şirkəti özünün yeni flaqman modeli olan S90 sedanını təqdim etmişdir. Bilindiyi kimi, yeni sedan 90-cı seriya ailəsinin birinci üzvüdür. Sedandan əlavə, isveç şirkəti V90 adlandırılan universal kuzovlu avtomobili və bütün yollar üçün olan modeli - V90 Cross Country’ni təqdim etməlidir. Birinci avtomobilin artıq hazır olduğu və mart ayında baş tutacaq beynəlxalq Cenevrə avtomobil sərgisində debüt edəcəyi söylənilir.
Yeni universalın ilk görüntüsü İsveçin Teknikens Varld dərgisi tərəfindən dərc edilmişdir. Şübhəsiz, Volvo V70 modelini əvəz edəcək V90 modeli də, S90 sedanının və XC90 krossoverinin yığıldığı SPA modul platformasında istehsal olunacaqdır. Avtomobil, Drive-E ailəsindən olan iki litrlik benzin və dizel mühərrikləri, altı pilləli mexaniki və səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə təchiz ediləcəkdir.
Bundan əlavə, yeni universal, tərkibində 320 at qüvvəli benzin mühərriki, 80 at qüvvəli elektromotor və 50 at qüvvəli generator-starter və səkkiz diapazonlu «avtomat» olan, 400 at qüvvəli T8 Twin Engine hibrid güc aqreqatı ilə də təchiz ediləcəkdir. Həmçinin, tam ötürməli çəkiş sistemi və aktiv kruz-kontrolun bazasında yaradılmış yarımavtonom idarəetmə sistemi də universalın avadanlıqları siyahısına daxil olacaqdır.