Volvo şirkəti Stokholm şəhərində keçirilmiş xüsusi tədbirdə V70 modelinin xələfi olan V90 universalının rəsmi olaraq təqdimatını keçirmişdir. Yeni avtomobilin kütləvi nümayişi isə mart ayının əvvəllərində işinə başlayacaq Cenevrə avtosalonunda baş tutacaqdır. Universal, isveç şirkətinin iki il bundan öncə XC90 krossoveri ilə birlikdə debüt etmiş SPA modul platformasında yığılmışdır. Volvo V90 modelinin qabarit uzunluğu 4936 millimetr, eni - 2019 millimetr, hündürlüyü - 1475 millimetr, təkərlərarası bazasının məsafəsi isə 2941 millimetrdir.
Yeni universalın baqaj bölməsinin həcmi 1526 litr təşkil edir. V90 bu sahədə, birbaşa rəqibləri olan BMW 5-Series (1670 litr) və Mercedes-Benz E-Class (1855 litr) modellərindən ciddi şəkildə geridə qalır. Avtomobilin zahiri görünüşü Estate Concept prototipinin dizayn üslubunda və S90 modelinin elementlərindən istifadə edilməklə hazırlanmışdır.
Volvo V90 modeli beş ədəd iki litrlik dörd silinidirli - üç benzin və iki dizel, - mühərriklərlə təklif ediləcəkdir. Universalın baza variantı 254 at qüvvəsi olan turbomühərriklə təchiz edilir ki, avtomatik sürətlər qutusu ilə birlikdə bu aqreqat avtomobili 100 km/saat sürətinə 7,0 saniyəyə çatdırır.
İlkin dizel variantı isə, 190 at qüvvəsi və 400 Nm fırlanma anı olan dizel güc aqreqatı ilə hərəkətə gələcəkdir. Bu mühərrik V90 modelini 8,5 saniyəyə 100km/saat həddinə kimi sürətləndirə bilir.
Hər iki variant ancaq öndən çəkişli ola bilər.
Modelin qalan variantları tam ötürücülü çəkiş sistemi ilə təklif ediləcəklər. Benzin mühərrikləri arasında bu, 320 at qüvvəsi olan mexniki kompressor və tubikompressorla təchiz edilən mühərrikdir. Bu mühərrik, həmçinin hibrid variantı olan T8 modelinə də quraşdırılır. Hibrid güc aqreqatının tərkibinə 87 at qüvvəli elektromotor və 9,2 kilovatt-saatlıq litium-ion batareyalar dəsti daxildir. Hibrid güc aqreqatının ümumi gücü 407 at qüvvəsi təşkil edir. Hibrid avtomobil 100 km/saat həddinə 5,2 saniyəyə sürətlənir. Volvo V90 T8 Hybrid modeli yalnız elektrik enerjisindən istifadə etməklə 45 kilometr məsafə qət edir.
Öz növbəsində tam çəkişli dizel variantı olan D5 modelinin mühərrikkinin gücü 235 at qüvvəsi və 480 Nm frlanma anıdır. Bu variant 100km/saat həddini 7,2 saniyəyə toplayır.
Volvo V90 universalının təchizatına S90 sedanında olduğu kimi, dairəvi videogörüntü sistemi, kor zonalara nəzarət sistemi, avtomatik parklanma sistemi, yolayrıclarının keçilməsinə yardım sistemi, qəfil yoldançıxmanı önləyən sistem və aktiv kruiz-kontrolun bazasında yaradılmış yarımavtonom idarəetmə sistemi daxildir.
Sonuncu sistem, şəhərkənatı yollarda 130 km/saat sürətilə hərəkət edən avtomobili öz zolağında saxlamağa qadirdir.
Gələcəkdə avtomobilin yolsuzluq üçün nəzərdə tutulan Cross Country və Polestar atelyesi tərəfindən hazırlanmış «qaynar» variantının olacağı da söylənilir.