Geely qrupu və onun sahibi olduğu Volvo şirkəti birləşmək və qlobal avtomobil istehsalçısının yaradılması məsələsini nəzərdən keçirirlər. Belə bir addım «əlavə rəqabət üstünlükləri yaradacaq» və «maliyyə və texnoloji sinerjisini sürətləndirəcəkdir».

Çin şirkəti olan Geely Automobile Holdings Limited konserni 2010-cu ildə Volvo markasını Ford konsernindən 1.8 milyard dollara satın alaraq, onun sahibi olub. Son vaxtlara qədər isveçlilər nisbi müstəqilliyi qorusalar da, Geely konsernin sahib olduğu markalarla (əsasən Geely markasının özü və premium Lynk & Co brendi) müntəzəm olaraq texnologiya mübadiləsini həyata keçirməli olub. Keçən il istehsalçılar mühərrik bölmələrini birləşdirərək ayrıca istehsal vahidini yaradıblar.

İndi şirkətlər tam miqyaslı birləşmə haqqında düşünürlər və bu birləşmə həyata keçərsə, yeni qlobal avtomobil istehsalçısı yaranacaqdır. Bu birləşmə, «miqyas effektindən, mövcud olan bilik və mənbələrdən istifadə edərək sənayenin transformasiyasının liderlərdən biri olmağa imkan verəcəkdir». Geely İdarə Heyətinin sədri Li Şufunun bildirdiyinə görə, «qrup daxilində sinerjilər artacaq, lakin hər iki markanın bütövlüyü və rəqabət üstünlükləri qorunacaqdır».

Geely ilə birləşmə Volvo şirkətinə Volkswagen və yeni yaranan FCA-PSA ittifaqı ilə rəqabət aparmağa imkan verəcəkdir. Bundan əlavə, Volvo şirkəti Çində əlavə istehsal müəssisələrinə çıxışa malik olacaq və Geely markasının Avropa bazarında yer almasına kömək edəcəkdir. Lakin, birləşmənin vaxtı müəyyənləşdirilməyib. Hələlik, şirkətlər hər bir tərəf üçün təkliflər hazırlayacaq və idarə heyətinin müzakirəsinə təqdim edəcək işçi qrupları yaradıblar.

Volvo markasından başqa, Geely Automobile Holdings Limited konsernə Geely markasının özü, Malayziyanın Proton, Böyük Britaniyanın Lotus, Londonda fəaliyyət göstərən taksi istehsalçısı LEVC və premium avtomobillər istehsal edən Lynk & Co markaları daxildir.