Volvo şirkəti gələcək modellərin şassisi üzərində Lotus şirkətinin mütəxəssisləri ilə birlikdə çalışmağa hazırdılar. Bu barədə XC60 modelinin layihəsi üzərində işləyən mühəndislərdən biri Rocer Valqren Avstraliyanın Drive nəşrinə bildirmişdir.
“Niyə də yox? Mən onların bilik və təcrübəsindən istifadə etməkdə heç bir problem görmürəm. Hesab edirəm ki, bütün istiqamətlərdə olan imkanlardan istifadə etmək mümkündür”, - Valqren bildirmişdir.
Volvo ilə Lotus şirkətlərinin birgə çalışması isveç şirkətinin sahibi olan Geely şirkətinin Malaziyanın Proton şirkətinin səhmlərinin 49,9 faizini və malaziyalılara məxsus olan Britaniya sportkar istehsalçısının səhmlərinin 51 faizini satın almasından sonra mümkün olacaqdır. Bu sövdələşmənin iyul ayının ortalarında başa çatacağı ehtimal edilir. Valqrenin sözlərinə görə, hər iki şirkətin əməkdaşlığı Polestar markası altında buraxılan “qaynar” modellər də daxil olmaqla isveç istehsalçısının bütün modellərini əhatə edə bilər.
Xatırladaq ki, Volvo və Geely şirkətləri bir müddət bundan öncə birgə hazırladıqları CMA modul platformasını təqdim etmişdilər. Bu platforma 40-cı seriyadan olan Volvo modellərinin əsasını təşkil edəcəkdir.