Volvo XC40 krossoveri «Avropada ilin avtomobili» müsabiqəsinin qalibi olub. İsveç markası ilk dəfədir ki bu mükafata layiq görülüb. Qalibi müəyyən edən səsvermənin nəticələri ənənəvi olaraq Cenevrə avtosalonunun açılmasına bir gün qalmış elan edilir.
Volvo XC40 modeli 325 səs alaraq birinci yeri tutub. Onun ardınca 242 səs toplamış Seat İbiza ikinci olub. Üçüncü yer isə 226 səs toplamış BMW 5-Series modelinə qismət olub. Nominantlar siyahısına həmçinin Kia Stinger (204 xal), Citroen C3 Aircross (171 xal), Audi A8 (169 xal) və Alfa Romeo Stelvio (163 xal) daxil olub.
Volvo XC40 modelinin kütləvi təqdimatı keçən ilin sentyabrında Milanda keçirilən xüsusi mərasimdə baş tutub. Krossover isveç markasının CMA modeul platformasında inşa edilən ilk modeli olub. Bu platforma gələcəkdə 40-cı seriyadan olan avtomobillərin əsasını təşkil edəcəkdir.
Xatırladaq ki, keçən il «Avropada ilin avtomobili» müsabiqəsinin qalibi Peugeot 3008 krossoveri olubdur. 2016-cı ildə bu müsabiqənin qalibi Opel Astra elan edilmişdir. 2015-ci ildə Volkswagen Passat «İlin avtomobili» titulunu əldə etmişdir.