Volvo şirkəti tarixində bir ilkə imza atıb. İsveçli istehsalçı üç silindrli mühərriki təqdim edib. Modul arxitekturasına malik olan Drive-E ailəsinin yeni üzvü XC40 yığcam krossoverinə quraşdırılacaqdır.
Yeni mühərrik 1,5-litrlik iş həcminə malikdir. Güc aqreqatı 158 at qüvvəsi və 265 Nm fırlanma anı hasil edir. Mühərrik altı pilləli ötürmələr qutusu ilə birlikdə çalışır. Gələn il opsional olaraq səkkiz pilləli avtomatik ötürmələr qutusu da təklif ediləcəkdir.
Belə mühərriklə təchiz edilən Volvo XC40 modeli 100 km/saat həddini 9,4 saniyəyə toplayır və 200 km/saat maksimal sürətə malikdir. Avtomobilin WLTP dövründə qarışıq yanacaq sərfiyyatı 100 kilometrə 7,1 litr təşkil edir.
Dörd silindrli benzin və dizel aqreqatlarının istehsal xəttində buraxılacaq güc aqreqatı, qoşulan iki mühərrikli hibrid sistemləri üçün yaradılmışdır. Volvo XC40 modelinin hibrid və tam elektrik modifikasiyaları gələcəkdə işıq üzü görəcəkdirlər. Yeni mühərriklə birlikdə Volvo şirkəti XC40 modelinin yeni variantını təqdim edib.
Volvo XC40 Inscription adlandırılmış variant kuzovun unikal rənginə, eksteryer və interyerin tərtibatına malik olub. Bunlara misal olaraq ötürmələr qutusunun kristal formalı selektorunu, üzgəc ağacından dekorativ elementləri, kandarın polad əlavələrini və 21-düymlük təkər disklərini göstərmək olar .