Volvo şirkəti rəsmi olaraq kiçik ölçülü krossoverini təqdim edib. Volvo XC40 krossoveri isveç istehsalçısının model xəttində XC60 krossoverindən bir pillə aşağıda yerləşəcək və Audi Q3 və BMW X1 krossoverləri ilə rəqabət aparacaqdır. Modelin təqdimatı Milanda keçirilib.
Krossover, İsveç markasının Geely şirkəti ilə birgə hazıladığı CMA modul platformasında inşa edilmiş ilk modeli olub.
Bu platforma 40-cı seriyadan olan avtomobillərin əsasənı təşkil edəcəkdir ki, bu avtomobillərin arasında elektrik mühərrikləri ilə təchiz edilmiş modellər də olacaqdır. Satışa çıxarıldığı andan Volvo XC40 Drive-E ailəsindən olan iki dörd silindrli mühərriklə təklif ediləcəkdir. Bunlar 190 at qüvvəli D4 dizel və 254 at qüvvəli T5 benzin mühərrikləridir. Volvo XC60 modelində benzin mühərrik səkkiz diapazonlu “avtomatla”, dizel mühərriki isə altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə təchiz edilir.
Gələckdə yeni krossover hibrid güc aqreqatı ilə də təklif ediləcəkdir.
Krossoverin şaquli sensorlu displeyi olan Sensus multimedia, həmçinin 60 və 90 seriya modellərindən alınmış təhlükəsizlik və yardım sistemləri ilə təchiz edilir.
Söhbət dairəvi görüntü sistemindən, yoldan çıxmaya nəzarət funksiyasından, arxa hərəkət zamanı yaxınlaşan avtomobillər barədə xəbərdarlıq sistemindən, həmçinin piyada və velosipedçiləri aşkarlayaraq təcili əyləcləmə sistemindən gedir. Krossover, eyni zamanda, öndəki avtomobillə məsafə saxlayan aktiv Pilot Assist kruiz-kontroluna da sahib olacaqdır. İsveç mühəndisləri avtomobilin interyerini istifadəçinin rahatlığını təmin edəcək üslubda tərtib ediblər.
Bunun üçün onlar, XC40 modelinin interyerində induksion doldurulma funksiyasına malik olan smartfon yuvasını, kredit kartları və park kartları üçün ön paneldə quraşdırılan slotları, həmçinin mərkəzi tonneldə zibil üçün nəzərdə tutulan çıxarılan qutuları yerləşdiriblər.
Əlavə olaraq, mərkəzi dirsəkaltında əl kağızı bağlaması üçün bölmə, əlcək qutusunda isə kiçik çanta və qida paketləri üçün yerlər nəzərdə tutulub.
Mühəndislər qapılardan dinamikləri yığışdıraraq sabvuferi ön panelə keçiriblər. Nəticədə, qapılarda iri bölmələr vardır ki, onlara da noutbuk, planşet və ya iri su şüşələrini yerləşdirmək mümkündür.
Oturacaqların altında da xırdavat üçün qutular nəzərdə tutulub. Arxa cərgə elektrik ötürməsinin köməyi ilə rəvan döşəmə şəklində qatlanacaq, baqaj bölümündə isə ikiqat döşəmə və paketlər üçün qarmaqlar mövcud olacaqdır.
Volvo XC40 modelinin satışlarına bu ilin noyabr ayında başlanacaqdır. Krossover 27800 avrodan başlayan qiymətlərlə satılacaqdır.