Volvo şirkətinin Avropadakı saytlarında yenilənmiş XC40 krossoverinin şəkilləri peyda olub. Ən maraqlısı odur ki, İsveç istehsalçısı bu barədə rəsmi məlumat verməyib. Artıq beş ildir buraxılan krossover səssiz-səmirsiz restaylinqdən keçib: eksteryerdə baş vermiş dəyişikliklər nöqtəvi xarakter daşıyır, salonda isə multimedia sisteminin son versiyası peyda olub. Modifikasiyalar siyahısı əvvəlki kimi qalıb - XC40 modeli qlobal bazarda benzin, plagin hibrid və tam elektrik versiyalarında təklif edilir.

Volvo XC40 modeli C40 Recharge modelinin üslubunda yenilənib: hər iki avtomobil bənzər nazik ön fənərlərə, T-şəkilli bölmələri olan yeni ön bamperə, arxa fənərlərin başqa tərtibatına və buraxılış sisteminin çıxış borularının fərqli yerləşməsinə sahibdirlər.

XC40 krossoverinin başlanğıc versiyası 129 at qüvvəli 1,5-litrlik “turboüçlük”, 8-pilləli “avtomat” və ön ötürmə ilə təchiz olunur. 

Avropada 48-oltluq startyor-generator və 2,0-litrlik turbomühərrik ilə təchiz olunmuş “yumşaq” hibridlər də təklif edilirlər. Bu hibridlər 163, 197 və 250 at qüvvəli qurğularla əlçatandırlar.  Ötürmə - ön və tam ola bilər. Tam ötürmə sistemi 197 at qüvvəli versiya üçün opsiya, 250 at qüvvəli variant üçün isə standartdır.

Eyni zamanda, krossoveri Avropada plagin güc qurğusu ilə də almaq olar. Belə hibrid iki versiyada təklif olunur: 129 və 180 at qüvvəli. Elektrik ötürməsi ilə yürüş ehtyatı 45 kilometr təşkil edir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, XC40 modelinin tam elektrik versiyası ön oxda yerləşən 231 at qüvvəli bir və 204 at qüvvəli iki elektrik mühərriki (hər oxda biri) ilə təchiz olunur.  Ön ötürməli versiya 69 kilovat-saatlıq, iki mühərrikli variant isə 78 kilovat-saatlıq batareya ilə təchiz edilir. Müvafiq olaraq, krossoverin yürüş ehtiyatı 423 və 418 kilometrdir. 

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.