Model xəttini genişləndirmək üçün avtomobil istehsalçıları əksər hallarda eyni modeli iki kuzov növü ilə bazara çıxarırlar - məsələn, standart krossover yeni kuzovun hesabına kupe-krossoverə çevrilir. Adətən kupeyə bənzər versiya daha idmansayağı hesab edilir, lakin bu hər zaman belə olmur. Bunu, ispan km77 nəşrinin jurnalistlərinin qonağı olmuş Volvo XC40 Recharge elektrik krossoveri sübut edib. O, kupeşəkilli C40 Recharge versiyasından daha yaxşı nəticə əldə edib.

Texniki cəhətdən hər iki model tamamilə eynidir və ümumi hasilatı 408 at qüvvəsı və 660 Nm fırlanma anı olan iki elektrik mühərriki ilə təchiz edilirlər. Tamötürməli elektromobillər eyni Pirelli PZero Elect şinləri ilə təchiz ediliblər ki, bu da müqayisəni daha da asanlaşdırıb.

2022-ci ilin yayında “sığın” testində iştirak edən Volvo C40 Recharge elektrik krossoveri ən yaxşı cəhdində 70 km/saat sürətini qeydə alıb. Bu, həmin testdə 83 km/saat sürətini qeydə almış Tesla Model Y modelinin göstərcisindən xeyli zəifdir.

Bir il sonra Volvo XC40 Recharge krossoverini sınaqdan keçirən ispan jurnalistlər, ondan heç bir sürpriz gözləməsələr də,  model onları təəccübləndirməyə müvəffəq olub - krossover “sığın” testində 72 km/saat sürətini qeydə alıb. Tesla krossoveri ilə rəqabət apara bilməsə də, “sadə” krossover kupeyə bənzəyən həmkarından daha idmansayağı olub.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.