İsveç avtomobil istehsalçısı Volvo ES90 elektrik sedanının yeni tizerlərini yayımlayıb və onun texniki "içalatı" barədə bəzi təfərrüatları açıqlayıb. Eyni zamanda, elektrik sedanının təqdimat tarixi də məlum olub - 5 mart 2025-ci il.

ES90 "bu günə qədər yaradılan ən güclü Volvo" kimi təqdim olunur. Lakin söhbət onun elektrik güc qurğusunun hasilatından deyil, hesablama gücündən gedir. Proqram-təyinatlı platformaya əsaslanan və Nvidia texnologiyalarına malik olan elektrik sedanı saniyədə 508 trilyon əməliyyatı (TOPS) yerinə yetirmək qabiliyyətinə malikdir ki, bu da onun sistem və interfeyslərinin düzgün işləməsini təmin etməlidir. “Hava üzərindən” (OTA) yeniləmə funksiyası isə, avtomobili satın alındıqdan sonra belə, onun əsas xüsusiyyətlərini təkmilləşdirməyə imkan verəcək.

ES90 modelinin texniki xüsusiyyətləri hələlik tam açıqlanmayıb, lakin Volvo əsas diqqəti təhlükəsizlik sistemlərinə yönəldib: elektrik sedanı 12 ultrasəs sensoru, səkkiz kamera, beş radar və bir lidarla təchiz olunacaq. Yeni elektrik sedanı EX90 modelində istifadə olunan SPA2 platformasına əsaslanacaq.

Volvo Cars şirkətinin daxili sənədlərinə giriş əldə edən İsveçin “Teknikens Värld” nəşrinin bildirdiyinə görə, zavoddaxili V551 indeksinə malik olan sedanın uzunluğu 4990, eni – 1945, hündürlüyü - 1547, təkər bazası isə, 3102 millimetr təşkil edir.

İkimühərrikli tamötürməli versiyanın çəkisinin 2600, təkmühərrikli arxa ötürməli versiyasının isə, 2500 kiloqram olacağı gözlənilir. 111 kilovat/saatlıq batareyanın Çin sertifikatlaşdırma dövrünə uyğun olaraq 600 kilometrlik yürüş məsafəni təmin edəcəyi gözlənilir. Bu xüsusiyyətlər ilkin xarakter daşıyır və hələlik rəsmi olaraq təsdiqlənməyib.

Volvo ES90 modeli haqqında bütün təfərrüatlar martın 5-də rəsmi təqdimat zamanı açıqlanacaq. Modelin qlobal bazarda satılacağı barədə məlumat hələlik yoxdur, lakin Volvo şirkətinin elektrik sedanını Çindən kənarda satmağı planlaşdırdığı məlumdur. Volvo şirkətinin model çeşidini tam elektrikləşdirmək istədiyi artıq məlumdur, odur ki, ES90 daxili yanma mühərrikli S90 sedanını tam şəkildə əvəzləyə bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.