Volvo şirkəti gələn ilin əvvəlində işıq üzü görəcək XC40 krossoveri barədə yeni məlumat yayıb. Bu dəfə istehsalçı avtomobilin interyerinin quruluşu barədə danışıb və onun avtomobillərin salonunda olan "qarışıqlığa son qoyacığını" bildirib.
Bununla belə, Volvo yeni krossoverin interyerinin şəklini dərc etməyib. İsveç mühəndisləri interyerdə olan stəkanaltıların xırda əşyaların saxlanılması üçün deyil, məhz stəkanaltı kimi istifadə edilməsinin tərəfdarıdırlar. Bunun üçün onlar, XC40 modelinin interyerində induksion doldurulma funksiyasına malik olan smartfon yuvasını, kredit kartları və park kartları üçün ön paneldə quraşdırılan slotları, həmçinin mərkəzi tonneldə zibil üçün nəzərdə tutulan çıxarılan qutuları yerləşdiriblər.
Əlavə olaraq, mərkəzi dirsəkaltında əl kağızı bağlaması üçün bölmə, əlcək qutusunda isə kiçik çanta və qida paketləri üçün yerlər nəzərdə tutulub.
Mühəndislər qapılardan dinamikləri yığışdıraraq sabvuferi ön panelə keçiriblər. Nəticədə, qapılarda iri bölmələr vardır ki, onlara da noutbuk, planşet və ya iri su şüşələrini yerləşdirmək mümkündür.
Oturacaqların altında da xırdavat üçün qutular nəzərdə tutulub. Arxa cərgə elektrik ötürməsinin köməyi ilə rəvan döşəmə şəklində qatlanacaq, baqaj bölümündə isə ikiqat döşəmə və paketlər üçün qarmaqlar mövcud olacaqdır. Volvo XC40 modelinin seriya variantının Volvo şirkətinin Geely şirkəti ilə birgə hazırladıqları CMA (Compact Modular Architecture) adlı modul platformasında yığılacağı da məlumdur. Avtomobilin 1,5-litrlik turbomühərrik və hibrid güc qurğusu ilə təchiz ediləcəyi istisna edilmir.
Volvo XC40 modelinin istehsalı Belçikada təşkil olunacaqdır.