Volvo özünün elektrik modellərinin işarələnməsini unifikasiya edib. İsveç markasının ən təzə elektromobilləri EX90 və EX30 krossoverləri, həmçinin EM90 minivenidir. İndi oxşar indeks formatı köhnə, lakin hələ də istehsal olunan elektromobillərə şamil edilib. Söhbət 40-cı seriyadan olan elektrik krossoverlərdən gedir: indi Volvo XC40 Recharge krossoveri Volvo EX40, Volvo C40 Recharge kross-kupesi isə, Volvo EC40 adlanır.
Bu, modellərin yeni işarələnməsi yaranmış qarışıqlığı aradan qaldırmağa imkan verib. XC40 indeksi daxili yanma mühərrikləri (hibridlər də daxil olmaqla) olan modifikasiyalarda qalıb. C40 indeksi isə, ümumiyyətlə dövriyyədən çıxarılıb, çünki o əvvəlcə yalnız elektrik versiyasında buraxılırdı. Recharge prefiksi də keçmişdə qalıb: təkrar doldurulan hibridlər artıq mühərrikin gücündən asılı olaraq, adi T6 və T8 indeksləri ilə işarələnirlər.
Yeni nişanlara əlavə olaraq, Volvo EX40 və EC40 krossoverləri yeni Performance paketini alıblar. O, ikimühərrikli top versiyalar üçün əlçatandır və 34 at qüvvəsi əlavə gücü, habelə qaz pedalının basılmasına daha kəskin reaksiyanı ehtiva edir. Üstəlik, bunlar yalnız proqram təminatı vasitəsi ilə əldə edilir. Nəticədə, belə opsional paketə sahib olan tamötürməli krossoverlər 442 at qüvvəsinə malikdirlər. Xatırladaq ki, adi krossoverlər 408 at qüvvəsi ilə kifayətlənirlər.
Nəhayət, XC60 Black Edition modelindən sonra, İsveç istehsalçısı oxşar “qara” tərtibatı 40-cı seriyadan olan krossoverlər, o cümlədən daxili yanma mühərriki versiyalar üçün də təklif edir. Black Edition paketinə kuzovun qara Onyx rəngi, parlaq qara loqotiplər və nişanlar, habelə beşqollu 20-düymlük təkər diskləri daxildir.
Yeri gəlmişkən, 2023-cü ildə batareyalı Volvo modellərinin satışı 2022-ci ilə nisbətən 70% artıb! Düzdür, onların ümumi satışlardakı pay elə də böyük deyil – cəmi 16%. Keçən il Volvo Cars 25,6 milyard İsveç kronu məbləğində rekord əməliyyat mənfəətini əldə edib. Ümumi gəlir də rekord sayılan 399,3 milyard İsveç kronu təşkil edib. 2030-cu ilə qədər tamamilə elektromobillərə keçid hədəfi hələ də gündəmdədir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.