Volvo şirkəti XC90 krossoverinin zirehli varainatını hazırlayıb. İstehsalçı avtomobilin “360 dərəcə” müdafiə olunduğunu, atəş, partlayış və yüksək temperaturalara tab gətirdiyini bildirib.
Şirkət mühəndisləri zirehli avtomobil üzərində iki il müddətində işləyiblər. Avtomobil yalnız bu günlərdə tələb olunan sertifikatlaşdırmadan keçməyə müvəffəq olub. Krossover VPAM VR8 (ERV 2010) standartına əsasən müdafiə səviyyəsinə malikdir. Poladdan hazırlanmış zireh təbəqəsinin qalınmığı 10 mm, güllə keçirməyən şüşələrin isə 50 mm təşkil edir.
Zireh avtomobilin çəkisini 1440 kq artıraraq 4490 kq çatdırıb. Bu səbəbdən də, avtomobil daha güclü əyləc mexanizmlərinə və gücləndirilmiş asqıya sahib olub. Krossoverlər həmişəki kimi İsveçin Torsland şəhərində yerləşən zavodda yığılacaqdırlar. Konveyerdən çıxdıqdan sonra krossoverlər Almaniyaya Trasco Bremen zavoduna göndəriləcəkdirlər. Alman firması təhlükəsizliyi yüksəldilmiş, o cümlədən, zirehli avtomobillərin buraxılması üzrə ixtisaslaşmışdır.
İsveç markasının marketinq xidmətinin mütəxəssisi Stiven Qrin zirehli Volvo XC90 modellərinin, ilk növbədə, yüksək vəzifəli şəxslərin daşınması üzrə ixtisaslaşmış təhlükəsizlik xidmətlərinə ünvanlandığını bildirib. Zirehli krossoverlərin müştərilərə çatdırılması bu ilin sonuna planlaşdırılıb. Gələn ilin birinci yarısında zirehli avtomobilin yüngülləşdirilmiş versiyası da işıq üzü görməlidir.