“Car News China” nəşrinin yaydığı xəbərdə, təkmilləşdirmələr sayəsində yürüş ehtiyatı əvvəlki 960-dan 1221 kilometrə qədər artırılmış hibrid Voyah Free krossoverinin nəzərəçarpacaq dərəcədə ucuzlaşdığı bildirilir. Avtomobilin qiyməti 333 600 yuandan (45 820 dollar) 266 900 yuana (36 660 dollar) düşüb ki, bu da Çin bazarındakı yüksək rəqabətlə bağlı ola bilər.
Yenilənmiş Voyah Free modeli zahiri cəhətdən daha böyük ön bamperi, fərqli radiator barmaqlığı və onun üzərindən keçən LED zolaq, həmçinin daha idman görünüşlü arxa spoyleri ilə seçilir. Bundan əlavə, krossover xrom dekordan məhrum edilib və qara rəngli təkər disklərini alıb. İnteryer də yenilənib: burada simsiz enerji doldurmaq üçün iki bölməsi olan yeni mərkəzi tunel peyda olub. Ötürmələr qutusunun selektoru mərkəzi tuneldən sükan sütununa köçürülüb.
Çində Voyah Free yalnız, enerji generatoru kimi işləyən 150 at qüvvəli 1,5-litrlik benzin turbomühərrikinə malik olan EREV versiyasında satılır. Təkərləri iki elektrik mühərriki hərəkətə gətirir – öndəki mühərrik 218, arxadakı isə 272 at qüvvəsinə malikdir. Krossoveri 100 km/saat həddinə 4,8 saniyəyə sürətləndirən güc qurğusunun ümumi hasilatı 480 at qüvvəsi və 310 Nm fırlanma anına çatır.
Yeniləmə ilə Voyah Free nəzərəçarpacaq dərəcədə daha uzunmənzilli olub. 39,2 kilovat-saatlıq CATL batareyası sırf elektrik enerjisi ilə 210 kilometr məsafə qət etməyə imkan verir. 56 litrlik yanacaq çəni sayəsində ümumi məsafə artıq 1221 kilometrdir - əvvəlkindən 261 kilometr çox.
Əhəmiyyətli dəyişikliklərin olmasına baxmayaraq qiymətlərin kəskin azalması, təklifin həddindən ziyadə olduğu Çin bazarında qiymət müharibələri ilə bağlı ola bilər. Free krossoverinin yerli bazardakı satışları heç də ürəkaçan deyil: iyul ayında Voyah cəmi 575 ədəd Free modeli sata bilib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.