Voyah Passion sedanı iki il əvvəl debüt edib. Bu günlərdə Dongfeng şirkəti sedanın növbəti versiyasını - hələ yayda anons olunmuş Voyah Passion L plagin hibridini təqdim edib.

Sedanın əvvəlki versiyası ilə müqayisədə plagin hibridin dizayn əhəmiyyətli dərəcədə yenidən işlənib. İndi faralar ikimərtəbəlidir, ön bamperdə bir cüt üfüqi zolaq peyda olub, yeni radiator barmaqlığında isə, 34 şaquli xrom çubuq var.
Arxa fənərlər əvvəlki formada qalsalar da, başqa tərtibata sahib olublar. Qabarit ölçüləri bir qədər dəyişib: sedanın uzunluğu 5125 (+ 45 millimetr), eni isə, 1985 (+ 15 millimetr), millimetr təşkil edir. Avtomobilin hündürlüyü dəyişməyib - 1505 millimetr. Hətta təkər bazası cəmi 10 millimetr artıb (3010 millimetr).

Salon tamamilə yenidir. Ön paneldə əvvəlki dörd ekrandan yalnız ikisi qalıb. 16,1 düymlük mərkəzi displey 3K təsvir ölçüsünə malikdir və Huawei şirkətinin HarmonySpace 5.0 əməliyyat sistemi ilə işləyir. Klimat-kontrolun ayrıca displeyi artıq yoxdur, sadələşdirilmiş mərkəzi konsolda bir cüt stəkan tutacağı və smartfonların simsiz doldurulması meydançası var.
İnteryer tərtibatında dəri və ağacdan hazırlanmış dekordan istifadə olunur. Bundan başqa təchizata 6,6-litrlik soyuducu, "sıfır qravitasiya" rejimi (yarı uzanmış vəziyyətdə) olan ön sərnişin oturacağı, 256 rəngli ətraf işıqlandırması, masaj funksiyası olan qızdırılan və havalandırılan oturacaqlar daxildir. Huawei Qiankun ADS 4 sürücüyə yardım sistemi bir lidar və üç radar da daxil olmaqla, 29 sensordan istifadə edir.

Hibrid güc aqreqatı 63 kilovat/saatlıq litium-ion batareyasından işləyən iki elektrik mühərrikindən (öndə 204, arxada isə, 313 at qüvvəli) və 150 at qüvvəli 1,5-litrlik turbomühərrikdən ibarətdir.
Tam elektrik dartması ilə yürüş məsafəsi 410 kilometrə (CLTC dövrünə əsasən), hibrid rejimində isə, 1400 kilometrə çatır. 5C şarj cihazı sayəsində batareyanın 20-dən 80 faizə qədər doldurulması cəmi 12 dəqiqə çəkir.
Voyah Passion L sedanının qiyməti hələlik açıqlanmayıb, lakin 2000 yuan (280 dollar) depozit qoyan alıcılar 5000 yuan (700 dollar) endirim əldə edəcəklər. Satışların başlanması cari ilin dördüncü rübünə planlaşdırılıb. Hazırda hibrid sistemli adi Passion sedanının Çindəki satış qiyməti 253-278 min yuan (36-39 min dollar) təşkil edir, lakin Passion L versiyasının daha bahalı olacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.