Volkswagen şirkəti növbəti nəsil Amarok pikapının eskizini nümayiş etdirib. Yeni pikap alman markasının Ford şirkəti ilə ilk ortaq layihələrindən biri olacaqdır.

Pikapın təsviri alman markasının başqa bir modeli - Nivus krossoverinin təqdimatı zamanı göstərilib. Eskiz ikinci nəsil Amarok modelinin ümumi dizayn üslubunu nümayiş etdirir, ancaq seriya versiyasının məhz belə olacağını gözləmək lazım deyil. Məsələn, pikap yolsuzluq şinləri taxılmış nəhəng təkər diskləri və  tutacaqlarsız qapılar ilə təsvir edilmişdir.

Yeni pikap, Volkswagen və Ford şirkətlərinin kommersiya nəqliyyat vasitələri sahəsində əməkdaşlıqları çərçivəsində yeni Ford Ranger modeli ilə komponentlər və qurğuları paylaşacaqdır. Yeni Amarok modeli 2022-ci ildə bazara çıxmalıdır. Daha bir müştərək məhsul, bir müddət bundan öncə təqdim olunmuş yeni nəsil Volkswagen Caddy modeli ilə bəzi detalları bölüşəcək yeni nəsil Ford Transit modeli olacaqdır.