Volkswagen şirkətinin səkkizinci nəsil Golf hetçbekini bu ilin oktyabr ayında təqdim edəcəyi hər kəsə məlumdur. Bir müddət bundan öncə, hətta yeni modelin interyerinin şəkilləri də paparazzilər tərəfindən çəkilib. Yeganə naməlum olan avtomobilin eksteryer dizaynıdır. Hərçənd bu günə qədər paparazzilər avtomobilin cüzi kamuflyaja malik olan prototiplərini kifayət qədər çəkiblər.

Kolesa.ru saytının dizaynerləri də bu şəkillər əsasında yeni Golf modelinin renderlərini hazırlayıblar.Renderlərdən göründüyü kimi, Golf modelinin xarici görkəmindəki  dəyişikliklər daha çox təkamül xarakteri daşıyır.Hetçbek dəyişdirilmiş işıq texnikasına və daha iti ön tərəfə sahib olub. Kuzovun ümumi proporsiyaları qorunub-saxlanılıbdır.

Xatırladaq ki, bir müddət bundan öncə alman istehsalçısı yeni modelin eskizlərini dərc edib. Sonra isə cəsuslara interyerin canlı olaraq çəkmək nəsib olub. Şəkillərdən göründüyü kimi, yeni Volkswagen Golf bir blokda birləşdirilmiş iki displeyə sahib olacaqdır: bunlardan biri rəqəmsal cihazlar panelinin, digəri isə multimedia sisteminin mərkəzi ekranıdır. Eyni zamanda, ön paneldəki fiziki düymələrin sayı da minimuma endirilib. Bir neçə düymə saxlanılsa da, havalandırma sisteminin idarəetmə bloku tamamilə sensorludur.