Məhdud sayda buraxılacaq Volkswagen ID.4 1st Edition elektrik krossoverinin ilk partiyası ABŞ-dakı təqdimatdan dərhal sonra satılıb. Şirkətin saytı ziyarətçi axınının öhdəsindən gələ bilməyib və bir müddət modeli sifariş etmək mümkün olmayıb.
Mütəxəssislər sayta girişi bərpa etdikdə sonra isə, 1st Edition “salamlama” versiyasında olan ID.4 modelinin tamamilə satıldığı ortaya çıxıb. Qeyd etmək lazımdır ki, bu hadisə modelin təqdimatından bir gün keçməmiş vaqe olub. Bu barədə Insideevs.com saytı xəbər verir.
Şimali Amerika bazarında Volkswagen ID.4 1st Edition xüsusi seriyasının qiymətləri 43.995 dollardan (təqribən 74.800 manat) başlayır. Sifariş edilmiş elektromobillər müştərilərə çatdırılmasına 2021-ci ilin əvvəlində başlanmalıdır. Əvvəlcədən sifarişi rəsmiləşdirmək üçün 100 dollar beh vermək gərəkdir. Elektromobilin istehsalının başladığı gün daha 400 dollar ödəmək tələb olunur.
Model iki versiyada mövcuddur - birmühərrikli arxa ötürməli və ikimühərrikli tamötürməli. Arxa ötürməli ID.4 modelini 148, 175 və 204 at qüvvvəli elektrik mühərrikləri ilə sifariş etmək olar.
Standart elektromobillər 360 kilometrlik yürüş ehtiyatını təmin edən 55 kilovat-saatlıq batareya ilə təchiz olunur. Ən güclü 204 at qüvvəsinə malik elektrik mühərriki 77 kilovat-saatlıq batareya ilə işləyir. Eyni tutumlu batareya 306 at qüvvəsi hasil edən ikimühərrikli aqreqatla təchiz edilən ID.4 modelində də quraşdırılır.
İlk zamanlarda, Volkswagen ID.4 modelinin istehsalı yalnız Almaniyanın Zvikkau şəhərindəki zavodda həyata keçiriləcəkdir. 2022-ci ildə isə, elektrik krossoverinin Çattanuqadakı (ABŞ) zavodda istehsalına başlanmalıdır.