Volskwagen şirkəti yaxın zamanlarda qlobal bazarda satılan krossover xəttini genişləndirməyi planlaşdırır. Bir müddət bundan əvvəl, alman istehsalçısının Puebloda (Meksika) buraxılan Beetle modelini Tarek krossoveri ilə əvəzləyəcəyi barədə məlumat vermişdik. İndi isə, alman markasının Avropa üçün yeni SUV hazırladığı məlum olub.
WardsAuto nəşrinin əldə etdiyi məlumata görə, yeni krossoveri İspaniyanın Pamplona şəhərinin yaxınlığındakı müəssisəsində buraxmağı planlaşdırırlar. Yeni krossover 2021-ci ilin ikinci yarısında debüt etməlidir. Onun satışlarına isə, 2022-ci ildə başlanacaqdır. Krossoverin əsasını son nəsil Polo modeli təşkil edəcəkdir. Onun T-Cross modeli ilə bəzi qurğuları bölüşəcəyi də söylənilir.
Yeni krossoverin, beş il bundan öncə San Pauluda nümayiş etdirilmiş VW Taigun konseptinin seriya versiyası olacağı gözlənilir. Krossover hibrid və elektrik güc aqreqatları ilə təchiz ediləcəkdir.