Yeni Mercedes-AMG A45 modeli güclü rəqabətlə qarşılaşa bilər. Belə ki, Volkswagen şirkəti gücü 400 at qüvvəsindən az olmayacaq yeni Golf R Plus hetçbekini hazırlayır.
Bir ay bundan öncə, Volkswagen şirkəti Golf R400 konseptual hetçbekinin seriya istehsalından imtina etdiyini bildirib. “Autocar” dərgisinin bildirdiyinə görə, alman istehsalçısı ruhən bu konseptə yaxın olan yeni hetçbeki buraxmağı planlaşdırır. Söhbət 400 at qüvvəli Golf R Plus modelində gedir.
Əldə olunan məlumata əsasən, yeni layihəni Volkswagen qrupunun rəhbəri Herbert Diss dəstəkləyir. Buna baxmayaraq, VW Golf R Plus modelinin seriyaya göndərilməsi barədə qərar hələlik qəbul edilməyib. “Bərkgedən” hetçbekin hasilatı 380-400 at qüvvəsinə qədər artırılmış 2,0-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəyi gözlənilir. Hazırda bu mühərrikin 320 at qüvvəli variantı Golf R modelində quraşdırılır. Bundan başqa, Plus aqressiv eksteryer dizaynı ilə də seçiləcəkdir.
Məlum məsələdir ki, “bərkgedən” hetçbek 4Motion tam çəkiş sistemi və 7-pilləli iki muftalı robotlaşdırılmış qutu ilə təchiz ediləcəkdir. Mexaniki qutu ilə təchiz edilmiş məhdud saylı modifikasiyanın da təklif olunacağı istisna edilmir. Xatırladaq ki, yeni VW Golf R modeli beşqapılı kuzovla təklif ediləcək və 2020-ci ildə satışa çıxacaqdır. Plus modifikasiyası isə, bir qədər sonra seriyaya gedəcəkdir. Əlbəttə ki, buraxılışa xeyir-dua alarsa...