Bu gün Şanxayda keçirilən avtosalonda Volkswagen şirkəti kupeşəkilli Teramont X krossoverini nümayiş etdirib. Yeni kupe-kross keçən il nümayiş etdirilmiş Atlas Cross Sport konseptindən eksteryer və interyerin dəyişdirilmiş tərtibatı ilə fərqlənir. Teramont X modelinin Çindəki satışlarına gələn ay başlanacaqdır. Sonra bənzər model ABŞ-da satışa çıxarılacaqdır.
Volkswagen Teramont X modelində ön fənərlərin, radiator barmaqlığının və bamperin aorması dəyişdirilib. Kuzovun eni boyu uzanan metal zolağı olan arxa hissə tamamilə yenidir. Adi və kupeşəkilli krossoverlərin təkər bazası eynidir, lakin Teramont X adi krossoverdən 131 millimetr qısa, 50 millimetr alçaqdır.
Salonda isə yeddi deyil, beş yer vardır. Ön panelin tərtibatı da bir qədər fərqlənir. Belə ki, kupe-kross yeni sükan çarxına və iqlim sisteminin sensorlu idarəetmə blokuna sahib olub. VW Teramont X modelinin təchizatına 10,25-düymlük rəqəmsal cihazlar paneli, 9,2-düymlük displeyi olan multimedia kompleksi və panoram tavan daxildir.
Teramont X modelinin mühərrik çeşidinə 186 və 220 at qüvvəli 2,0-litrlik turbomühərrik və 299 at qüvvəli 2,5-litrlik V6 mühərriki daxildir. Ötürmələr qutusu yeddi pilləli iki muftalı «robotdur». Ötürmə - öndən və ya tam çəkişli ola bilər.
Kupeşəkilli Teramont X modeli SAIC Volkswagen birgə müəssisəsində istehsal ediləcəkdir. İlk avtomobillər yerli bazarda may ayında satışa çıxacaqdırlar.