Bir müddət bundan öncə, Volkswagen şirkəti yenilənmiş loqotipini nümayiş etdirmişdi. Bu gün isə, alman şirkəti R xəttinin yeni loqotipini təqdim edib. Məlumdur ki, R indeksi ilə alman markasının “qaynar” modelləri işarələnir. Hazırda VW şirkəti bu xəttdən olan Golf R və T-Roc R modellərini təklif edir.
Yeni loqotipin nümayişi ilə yanaşı, alman markası R xəttinin də yeniləcəyini xəbər verib. İki hissədən ibarət olan sadələşdirilmiş emblem yeni eranın başlandığınnda xəbər verir və “markanın yüksək dinamik xarakteristikalara və eksklyuzivliyə sadiqliyini nümayiş etdirir”. Yuxarıdakı element yarış trekindəki qövsü xatırlatsa da, diaqonal xətt brendin proqressivliyinə işarə edir.
Yeni emblem Volkswagen Design Center tərəfindən yaradılıb. Emblem üzərində alman markasının şef dizayneri Klaus Bişoffun başçılıq etdiyi dizaynerlər komandası, texniki departamentin əməkdaşları və R bölümünün marketoloqları çalışıb. Yeni loqotipin kütləvi debütü 11 oktyabrda ABŞ bazarında satılacaq Atlas Cross Sport R-Line modelinin təqdimatı zamanı baş tutacaqdır.
Alman markası R-Line xəttini Touareg və Arteon modelinin “qaynar” versiyaları ilə də zənginləşdirməyi planlaşdırır.