Şanxayda keçirilən avtosalonda Volkswagen şirkəti Teramont X kupe-krossoveri və ID.Roomzz konsepti ilə yanaşı daha iki krossoveri nümayiş etdirib. Bu iki krossover formal olaraq konsept statusuna malik olsalar da, onlar istehsala hazırdırlar. Hər iki krossover bu il istehsal olunmağa başlayacaqdırlar.
Bunlardan birincisi yerli Tayron modelinin bazasında hazırlanmış SUV Coupe Concept modelidir. Kupe-kross bazasında inşa edildiyi universaldan 3 millimetr qısa və 25 millimetr alçaq alınıb. VW SUV Coupe Concept modelinin maraqlı cəhətlərindən biri beşinci qapıda quraşdırılmış iki spoylerdir: onlardan biri şüşənin yuxarı, digəri isə aşağı ucunda yerləşir.
Texniki cəhətdən SUV Coupe Concept VW Tayron modelini təkrarlayır. Tayron isə bizim tanıdığımız Tiguan modelindən heç nə ilə fərqlənmir. Krossover 220 at qüvvəsi hasil edən 2,0-litrlik TSI mühərriki, yeddi pilləli DSG «robotu» və 4Motion tam çəkiş sistemi ilə təchiz edilib.
İkinci konsept VW SMV Concept adlanır. Bu Teramont modelinin funksional bənzəridir, lakin onu SAIC VW birgə müəssisəsi istehsal edirsə, yeni krossover FAW Volkswagen birgə müəssisəsi tərəfindən yaradılıb. Belə yanaşma alman şirkəti üçün çin bazarında adi haldır.
SMV Concept vizual olaraq Teramont modelindən yüngül görünsə də, əsalində ondan iridir. Konseptin qabarit uzunluğu 5100 millimetrdir. Teramont modelində bu göstərici 5039 millimetr təşkil edir. Hər iki modelin təkər bazası eynidir. Salonun təsviri olmasa da, orada üç cərgənin olduğu bildirilib. Hətta, konseptin seriya variantının mühərrik çeşidi də Teramont modelindəki ilə eyni olacaq: 2,0-litrlik dördsilindrli və 2,5-litrlik V6 turbomühərrikləri.
Hər iki konsept bu ilin sonuna kimi başqa adlarla seriyaya gedəcək və yalnız çin bazarında satılacaqdırlar.