Volkswagen şirkəti gələn il krossoverlər xəttini T-Cross modelinin bazasında yaradılmış daha bir modellə genişləndirmək fikrindədir. Söhbət əlbəttə ki, bu modelin bazasında yaradılacaq kross-kupedən gedir. Bu barədə məlumatı Motor.es saytının əməkdaşları yayıb.
T-Cross modelinin eksteryerini arxa dayağın və dam xəttinin mailliyinin artırılması hesabına daha idman xarakterli etmək nəzərdə tutulur. Eyni zamanda, yeni kross-kupe adi krossoverdən bir qədər baha olacaqdır. Yeni model donoru kimi 1,0 və 1,5-litrlik benzin turbomühərrikləri, həmçinin 1,6-litrlik turbodizel ilə təchiz ediləcəkdir. Kross-kupe öndən çəkiş sistemi, mexaniki qutu və ya DSG «robotu» ilə təklif olunacaqdır.
Beləliklə, Volkswagen T-Cross ailəsi üç modeldən ibarət olacaqdır: adi krossover, onun Çində buraxılan uzunbazalı versiyası və kross-kupe. Kross-kupenin başqa ada malik olacağını da istisna etmək olmaz. Məsələyə aydınlıq gələn il gətirilməlidir. Hələlik isə, yeni model haqqında başqa məlumat verilməyib.