Volkswagen şirkəti T-Roc krossoverinin bazasında inşa etdiyi kross-kabrioleti təqdim edib. Kabrioletə çevrilmə prosesində krossover arxa qapılarından və sərt tavanından məhrum olub. Yumşaq tavanın açılıb-bağlanmasına 30 saniyə kifayət edir.
Sanmayın ki, krossoverin kabrioletə çevrilməsi asan bir işdir. Volkswagen mühəndisləri T-Roc modelinin üzərində ciddi işlər aparıblar. Belə ki, qatlanmış yumşaq tavan üçün məkanın yaradılması, həmçinin döşəmənin və alın şüşəsinin çərçivəsinin konstruksiyasını möhkəmlətmək üçün, avtomobilin təkər bazasının uzunluğunu 40 mm artırmaq gərək olub. Kabrioletin təkər bazasının uzunluğu 2630 mm təşkil edir. Bundan başqa, kabriolet avtomobilin aşması halında sərnişinlərin təhlükəsizliyini təmin edəcək təhlükəsizlik qovsü ilə təchiz edilib.
T-Roc krossoverinin kabrioletə çevrilməsi onun qabarit uzunluğu 4268 mm (+ 34 mm) qədər artmasına, hündürlüyünün isə, 1522 mm (- 51 mm) qədər azalmasına səbəb olub. Məlum məsələdir ki, krossoverin 445 litrlik baqaj bölümündən yalnız 284 litr qalıb. Yumşaq tavanı mərkəzi tonneldəki və ya açar üzərindəki düymə vasitəsi ilə idarə etmək mümkündür. Tavanla əməliyyatı 30 km/saat həddinə qədər sürətlərdə həyata keçirmək olar.
VW T-Roc Cabriolet modelinin mühərrik çeşidinə 115 at qüvvəli 1,0-litrlik üçsilindrli və 150 at qüvvəli 1,5-litrlik dördsilindrli turbomühərriklər daxildir. Güc aqreqatları 6-pilləli mexaniki qutu ilə tandemdə çalışırlar. 1,5-litrlik mühərrik üçün DSG «robotu» da nəzərdə tutulmuşdur. Kabrioletin tam ötürməli çəkiş sistemi ilə təchiz ediləcəyi barədə məlumat verilməyib.
Yeni kabrioletin kütləvi təqdimat mərasimi gələn ay Frankfurtda keçiriləcək avtosalonda baş tutacaqdır. Modelin Avropadakı satışlarına gələn ilin yazında başlanmalıdır. Kabrioletin istehsalı alman markasının Osnabryukdəki zavodunda həyata keçiriləcəkdir.