Volkswagen Transporter alman istehsalçısının ən vacib kommersiya avtomobillərindən biridir desək, yanılmarıq. Davamlı olaraq istehsal olunan "qocaman" modellərinin mütləq sıralamasında Transporter ailəsi indi üçüncü yeri tutur.
Hal-hazırda dünyanın ən uzun tərcümeyi-halı olan avtomobili Chevrolet Suburban modeli sayılır - 1935-ci ildə debüt etmiş ofrouder o vaxtdan bu günə qədər adını dəyişməyib. İkinci yerdə, 1948-ci ildə debüt etmiş Ford F-Series ailəsi məskunlaşıb.
Volkswagen T1
Üçüncü mövqedə isə, 1949-cu ildə dünyaya gəlmiş məşhur "Böcək" hetçbeki qərarlaşa bilərdi, lakin bir müddət bundan öncə, Volkswagen şirkəti bu modeli "Şöhrət Zalına" göndərmək qərarına gəlib. Bununla belə, Volkswagen sirkətinin zamanın sınağından keçmiş başqa bir avtomobili mövcuddur.
Bu avtomobil mart ayında 70 illik yubileyini qeyd etmiş VW Transporter modelidir: bu, onu bu gün istehsal edilən ən qocaman ticarət avtomobili halına gətirir. Artıq altı dəfə nəsil dəyişdirmiş Transporter 1950-ci ildə Volfsburqdakı yığım xəttini tərk edib. Bu günə qədər Transporter müxtəlif adla tanınır - Bulli, Kombi, Microbus və sair.
Volkswagen T2
VW Beetle modelinin şassisində inşa edilmiş mikroavtobusu, ilkin olaraq, Volfsburqdakı zavodda avtomobil komponentlərinin daşınması üçün istifadə ediblər. Şirkət rəhbərliyi sınaqdan uğurla çıxan furqonu seriyaya buraxmaq qərarına gəlir. 1967-ci ildə furqonun ikinci nəsli debüt etdikdən sonra, Volkswagen şirkəti təxminən iki milyona yaxın yük furqonu və sərnişin mikroavtobusu satmağa müvəffəq olur. Bu günə dünyada müxtəlif modifikasiyadan olan 13 milyon Transporter var.
Keçən il Volkswagen şirkəti yenilənmiş T6.1 ailəsini təqdim edib. Yenilənmiş model genişləndirilmiş mühərrik çeşidinə, qabaqcıl multimedia sistemlərinə və ilk T1 modelində olduğu kimi kuzovun iki rəngli boyanma sxeminə sahib olub.