Volkswagen şirkətinin Volfsburqdakı zavodunda Golf modelinin səkkizinci nəslinin buraxılmasına hazırlıq işləri sürətlə davam etdirilir. Bu səbəbdən də, alman istehsalçısı yeddinci nəsil Golf R modelinin buraxılışına son verib. İstehsalçının mətbuat xidməti Golf R modelinin bir ildən sonra Mk8 kuzovu ilə qayıdacağına söz verib.
Xatırladaq ki, bir müddət bundan öncə Golf R modeli yenilənib. Yenilənmiş Golf R modeli 310 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərriklə təchiz edilir. Restaylinqdən əvvəlki Golf R 300 at qüvvəsinə və 380 Nm-ə malik idi. Avtomobil həmişəki kimi tam ötürməli çəkiş sistemi ilə təchiz edilir. Volkswagen Golf R modelinin yenilənmiş variantı 100 km/saat həddini 4,6 saniyəyə toplayır ki, bu da əvvəlkindən 0,3 saniyə yeyindir.
Qeyd etməl lazımdır ki, Golf R hetçbek kuzovu ilə yanaşı universal tipli kuzovla da tərkif edilirdi. Mexaniki sürətlər qutusu ilə təchiz edilmiş hetçbekin Almaniyadakı baza qiyməti 40675 avro təşkil edirdi. DSG “robotu” ilə təchiz edilmiş model üçün isə 44800 avro tələb olunurdu.