Volkswagen şirkəti yeni subkompakt krossoverin üzərində işlədiyi barədə məlumat verib. Yeni krossover Polo hetçbekinin bazasında inşa ediləcəkdir. Alman istehsalçısının model xəttində yeni krossover T-Cross modelindən bir pillə aşağıda qərarlaşacaqdır.
Volkswagen T-Sport adlandırılacaq krossoverin ilk eskizini alman konserninin direktorlar şurasının üzvü Yurgen Ştakmann Twitter sosial şəbəkəsində dərc edib. Sketç isə, alman markasının Cənubi Amerikadakı dizayn şöbəsinin başçısı Xose Karlos Pavone tərəfindən çəkilibdir.
Yeni modelin əsasını T-Cross modelinin inşa edildiyi MQB A0 modul platforması təşkil edəcəkdir. Bu platformada Avropada satılacaq növbəti nəsil Polo hetçbeki inşa ediləcəkdir. Avtomobilin ölçüsü demək olar ki, artıq məlumdur. Onun təkər bazasının uzunluğu 2560 millimetr, uzunluğu isə dörd metrdən az olacaqdır.
Krossover iri arxa hissəyə və kupeşəkilli siluetə malik olacaqdır. Görünən odur ki, dizaynerlərin ilham mənbəyi kimi Volkswagen SUV Coupe konsepti çıxış edib. Krossoverin əsas bazarları Cənubi Amerika və Hindistan olacaqdır. Bununla belə, yeni modelin debüt və istehsal tarixi barədə məlumat verilməyib.