Bugatti Chiron hiperkarlar ailəsi və onun əsasında yaradılmış eksklüziv modifikasiyalar çeşidi W16 Mistral modeli ilə tamamlanıb - buraxılmış kupe kuzovlu avtomobillərdən fərqli olaraq, yeni model açıq kuzovludur və fransız markasının cari model xəttindəki ilk rodsterdir. Şirkət yeni Bugatti W16 Mistral modelinin şirkət üçün əlamətdar avtomobil olduğunu xüsusilə vurğulayır - onun fransız markasının W16 mühərrikli sonuncu yol avtomobili olduğu bildirilir.

Bugatti W16 Mistral hiperkarı yeni dizaynlı kuzova və yenidən işlənmiş karbon monokoka sahib olub. Avtomobil nəinki damdan məhrum edilib, üstəlik, daha ahəngdar görünüşü təmin etmək üçün, onun nisbətləri bir qədər dəyişdirilib.

Hiperkarın konstruksiyasında titan və alüminium ilə birlikdə qabaqcıl kompozit materiallardan geniş istifadə olunur. Dizaynerlərin ilham mənbəyi kimi, 1934-cü ilin Bugatti Type 57 Roadster Grand Raid modeli çıxıb edib. Müasir modeldə günəşliyə çevrilmiş V-şəkilli alın şüşəsi məhz adı çəkilən klassik modeldən götürülüb.

Nal formalı firma radiator barmaqlığı daha üçölçülü, daha dərin və enli hala gətirilib, hava girişləri sistemi isə, yenidən işlənilib - mühərrikin elementləri sərnişinlərin başlarının arxasında yerləşir və Type 57 Grand Raid ilə Veyron 16.4 Grand Sport modellərini xatırladırlar. İnterkulerlərin hava girişləri isə, hiperkarın yan tərəfilərinə köçürülüb.

Bugatti W16 Mistral rodsteri Divo və La Voiture Noire modellərinin üslubunda şaquli ön fənərləri alıb ki, buradakı dörd element W16 Mistral modelinin tam ötürmə sisteminə və dörd turbokompressoruna işarədir, üçölçülü naxış isə, təkər tağları ətrafdakı hava axınını sakitləşdirən aerodinamik elementlər rolunu oynayır.

X hərfi formasındakı arxa fənər Bolide modelinə istinaddır, eyni zamanda, yan tərəfdəki yağ radiatorlarının havalandırması funksiyasını yerinə yetirir - yan hava girişləri və W16 Mistral modelinin arxasındakı çıxış dəlikləri arasında təzyiq fərqi yaradılır ki, bu da, güclü W16 mühərrikinin ortatemperaturlu soyutma dövrəsinin ən effektiv şəkildə idarə olunmasına yardım edir.

W16 Mistral hiperkarının interyeri titandan elementləri, bütöv bir metal parçasından yonulmuş alüminium komponentləri, həmçinin qapı panellərində istifadə olunan innovativ toxunmalı dərini əldə edib. Alüminiumdan hazırlanmış transmissiyanın gəstəyi ağac çalarına və içərisində Rembrandt Buqattinin məşhur “rəqs edən fil” heykəlinin yerləşdiyi kəhrəba örtməyə malikdir.

Rona çayı vadisindən başlayaraq Fransanın cənubundakı Fransiz Rivyerasının zəngin şəhərlərindən keçərək Aralıq dənizinə qədər əsən güclü küləyin şərəfinə Mistral adlandırılmış hiperkar dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki ilə təchiz edilib.

Güc aqreqatının 1600 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən Thor adını alımış versiyasından əvvəllər Chiron Super Sport 300+ və Centodieci modellərində istifadə olunub. İstehsalçının fikrincə, Thor mühərriki W16 Mistral hiperkarına dünyanın ən sürətli rodsteri titulunu almağa kömək edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Beş milyon avro qiyməti olan hiperkarın tirajı 99 nüsxə ilə məhdudlaşdırılıb. Bugatti W16 Mistral hiperkarının müştərilərə çatdırılmasına 2024-cü ildə başlanmalıdır. Bütün nüsxələr artıq satılıblar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.