Volkswagen AG tərəfindən dərc olunmuş məlumata əsasən, 53 yaşlı Michael Mauer konsernin Group Design bölümünə cavabdeh olacaq şəxsdir. Bu ad sizə tanış gəlməyə bilər, lakin Mauer öz fəaliyyətinə 1986-cı ildə Mercedes-Benz şirkətində başlamış və A-Klasse, SLK, SL-Klasse və Smart da daxil olmaqla, bir sıra modellərin hazırlanmasında bilavasitə iştirak etmişdir. 2000-ci ildə Mauer Mercedes-Benz şirkətini tərk edərək Saab şirkətinin dizayn üzrə İcraçı direktoru vəzifəsinə keçmişdir.

2004-cü ildən isə Michael Mauer Porsche şirkətinin dizayn şöbəsinin başçısı olmuşdur. Şirkətdə işlədiyi müddətdə o Cayenne (2007 il), Panamera və 918 Spyder modellərinin dizayn işlərinə bilavasitə cavabdeh olmuşdur.

Mauer yeni vəzifədə noyabr ayında istefaya getmiş əfsanəvi dizayner Walter de Silva’nı əvəz edəcək. Group Design’nın yeni başçısını elan etməklə bərabər, Volkswagen AG digər təyinatları da açıqlamışdır.

Belə ki, Ulrich Eichhorn tədqiqat və inkişaf bölümünə, Fred Kappler qrupun şatış üzrə bölümünə, Wolfram Thomas isə qrupun istehsalat bölümünə başçılıq edəcəklər. Ralf-Gerhard Willner isə qrupun məhsul strategiyası və mühəndis tədqiqatları bölümünə cavabdeh olacaq.