Bu həftə avtoidman yarışlarında hadisələrlə bol olmuşdur. Çində keçirilən Formula 1 çempionatının üçüncü mərhələsi ilə yanaşı, dözümlülük üzrə WEC (World Endurance Championship) çempionatının Silverstounda keçirilən ilk mərhələsi baş tutmuşdur. Altıncı gün keçirilən sıralama turlarında, 7 nömrəli Audi R18 e-tron quattro sportprototipinin Marsel Fassler, Andre Lotterer və Benua Treluyedən ibarət heyəti poula sahib olmuşdur. Heyət dövrəni 1:53,204 ortalama vaxtla başa vuraraq komanda yoldaşları di Qrassı, Dyüval və Carvisi arxada qoymuşdurlar.
Audi komandasının ikinci yeri yeri tutmuş heyəti komanda yoldaşlarından cəmi 0,1 saniyə geridə qalmışdı. Sıralama turlarında üçüncü və dördüncü nəticəni Porsche 919 Hybrid avtomobilində çıxış edən pilotlar göstərmişdilər. Porsche komandasının ən sürətli heyəti Mark Uebber, Brendon Hartli və Timo Bernharddan ibarət heyət olmuşdur.
Beşinci və altıncı yeri bölüşdürmüş Toyota TS050 Hybrid prototiplərinin içərisində ən sürətlisi Stefan Sarazan, Mayk Konver və Kamui Kobayaşi üçlüyü olmuşdur.
Bazar günü isə, gözlənildiyi kimi, Audi və Porsche pilotlarının yarışın ortalarına kimi davam edən gərgin mübarizəsi ilə yadda qaldı. Bu zaman Mark Libə (Porsche 919 Hybrid) hücum edən Benua Treluye (Audi R18 e-tron quattro) liderliyi ələ alaraq yarışın taleyini həll edəcək həmləni həyata keçirmiş oldu.
Audi pilotunun liderliyi ələ almasından bir müddət sonra, Lib Marino Frankittinin idarə etdiyi Ford GT avtomobilinə toxunaraq yerində fırlanmış oldu, finişə 52 dəqiqə qalmış isə, Nil Yani deşilmiş sağ qabaq təkərin ucbatından məcburi olaraq planlaşdırılmamış pit-stopa getməli oldu.
Sonuncu dövrələrdə Audi heyətini yaxala bilən və aradakı fərqi 9 saniyəyə düşürən Yaninin yarışın bitməsinə 10 dəqiqə qalmış yanacaq doldurmaq üçün həyata keçirdiyi pit-stop Porsche komandasının qələbəyə olan ümidlərinə son qoydu.
Beləliklə, Marsel Fassler, Andre Lotterer və Benua Treluye keçən ilki Spa mərhələsindən sonra ilk qələbəyə imza atmış oldular.
Alman komandalarının iki problem yaşayan heyətinin düşdüyü vəziyyətdən istifadə edən Toyota Gazoo Racing komandasının Stefan Sarazan, Mayk Konver və Kamui Komabayaşıdən ibarət olan heyəti üçüncü yeri əldə etmiş oldular.