Toyota şirkətinin zavod komandası olan Toyota Gazoo Racing 85-ci “Le Manın 24 saatı” günlük marafonunun sıralama mərhələsində dubla imza atmışdır.
İkinci təsnifat sessiyasında Toyota TS050 Hybrid sportprototipinin pilotu Kamuyi Kobayaşi Sarte trekinin yeni rekorduna imza atdı – 3.14,791. Bu zamanı final sessiyasında keçən pilot olmadı. Beləliklə, keçmiş Formula 1 pilotu Mayk Konvey və Stefan Sarrazen ilə birlikdə sabah yarışa ilk sıradan başlayacaqdırlar.
Kazuki Nakacimanın başçılıq etdiyi ikinci Toyota heyəti 3.17,128 zamanla ikinci yerdən start almaq hüququnu əldə etmişdirlər.
Porsche komandası uzun müddət ərzində ikinci yeri əldə saxlasa da, sonunda zamanlarını yaxşılaşdıra bilmədilər və sabahkı yarışı ikinci cərgədən başlayacaqdırlar. Alman komandasının pilotları arasında ən sürətlisi Nil Yani olmuşdur. O, Toyota pilotu Nakacimaya 0,131 saniyə uduzsa da, öz komanda yoldaşı Timo Bernhardı 0,8 saniyə üstələmişdir.
Sabah Nikolya Lapyerin üzvü olduğu üçüncü Toyota heyəti beşinci yerdən start alacaqdır.
Toyota heyəti ilə yanaşı, üçüncü cərgədən, LMP1 kateqoriyasında çıxış edən özəl ByKOLLES komandasının pilotu Olivye Uebbin başçılıq etdiyi heyət start alacaqdır.
Görünən odur ki, Toyota TS050 Hybrid sportprototipi Porsche 919 Hybrid prototipinə nisbətən Sarte trekində daha yeyindir. Keçirilmiş sərbəst yürüşlər və təsnifat mərhələsi də yapon kollektivinin daha güclü olduğundan xəbər verir. Lakin, artıq illərin də təcrübəsi göstərir ki, Le Manda sürətlə yanaşı etibarlılıq daha vacib amillərdən biridir. Toyota komandası keçən il də güclü çıxış etmişdi və marafona liderlik edirdi.
Bir şoxlarının qələbənin Toyota qismət olacağından əmin olduğu halda, yarışın bitməsinə dəqiqələr qalan zaman baş vermiş nasazlıq yaponların qələbə ümidlərini puç etmişdi.
Sabah yerli vaxtla 15-00 start götürən yarış bizə həyəcanlı anlar bəxş edəcəkdir. Bundan heç bir şübhəniz olmasın. 24 saat davam edən bu dramatic anlarla dolu olacaq yarışı izləməyə dəvət edirik.