Bu həftəsonu bütün avtoidman aləminin diqqəti Fransanın Le Man şəhərinin yaxınlığındakı Sarte trekində cəmlənmişdir. Burada, mövcud olan avtoidman yarışlarının ən qocaman və nüfuzlu yarışlarından biri olan «Le Manın 24 saatı» marafonu keçirilirdi.
Hesab edirəm ki, bu yarışın Monako Qran Prisi və Indy 500 yarışları ilə bərabər dünyanın üç ən nüfuzlu yarışından biri olduğunu xatırlatmağa ehtiyac yoxdur. Şənbə günü Bakı vaxtı ilə axşam saat beşdə start alan yarış bazar günü eyni vaxta başa çatmalı idi.
Qeyd etmək lazımdır ki, 85-ci dəfə start alan yarışda üst LMP1 kateqoriyasında cəmi altı sportprototip iştirak edirdi. Bir özəl komandaya məxsus olan prototipi nəzərə almasaq,hər kəs əsas mübarizənin Toyota və Porsche komandaları arasında gedəcəyindən əmin idi.
Yapon istehsalçısının idman kollektivi olan Toyota Gazoo Racing bu yarışa üç avtomobillə qatılmışdır. Onların bu trekdə 18 qələbə qazanmış alman rəqibləri isə yarışa iki prototip çıxarmışdı.
Digər tərəfdən aşağı kateqoriyalardan olan LMP2 kateqoriyasında çoxlu sayda komanda çıxış edirdi və ekspertlərin fikrincə, bu il, bu kateqoriyada çıxış edən komandaların podiumda finiş görmək şansı daha çox idi. Həqiqətən də, 24 saatlıq yarışda texnikanın tez-tez sıradan çıxması və çoxsaylı qəzalar LMP2 kateqoriyasında təmsil olunan komandaların şanslarını artırıdı.
Bu kateqoriya ilə yanaşı peşəkar pilotların kateqpriyası olan GTE Pro sinfində də böyük rəqabətin olacağı gözlənilirdi. Le Manda ən aşağı pillə sayılan GTE Am kateqoriyasında isə bildiyimiz kimi, həvəskar pilotlar yarışırdılar.
Yarışın başlaması ilə üstünlüyü ələ alan Toyota prototiplərinin pilotları 12 saat ərzində yarışa liderlik edərək Porsche 919 Hybrid prototiplərində çıxış edən pilotlara onları keçmək şansı vermədilər. Porsche komandasının 2 nömrəli sportprototipinin ön elektrik mühərriki ilə problem yaşaması yapon kollektivinin şanslarını daha da artırırdı. Porsche komandasının mexanikləri bir saat yarım müddətində avtomobili təmir edib yenidən yarışa qaytara bilsələr də, 2 nömrəli prototip liderdən 17 dövrə geridə qalırdı.
Bu yarışı izləyənlər bilirlər ki, Sarte trekində damalı bayrağı görmədən nədən isə əmin olmaq mümkün deyildir. Əsasən də qəzaların əksər hissəsi gecə yaşandığı bir vaxtda. İlkin olaraq 8 nömrəli Toyota TS050 Hybrid prototipinin sürücüsü Sebastyen Buemi avtomobildə nəyin isə qaydada olmadığını, qəribə səslər eşitdiyini radio vasitəsi ilə komandaya bildirdi. Mühəndislər ona telemetriyanın heç nə göstərmədiyi və hər şeyin qaydada olduğunu bildirsələr də, hissiyatı Sebastyeni aldatmamışdı.
Porsche prototipi ilə bənzər problem yaşayan Toyota prototipi də qaraja təmir üçün çəkilməli oldu. Lakin, Toyota komandasının problemləri bununla bitməmişdi - bir müddət bundan sonra Kamuyi Kobayaşinin idarə etdiyi prototip yavaşlayaraq yolun kənarında donub qaldı.
Bu da azmış kimi, yaponalrın yeganə ümidi olan Nikolya Lapyerin idarə etdiyi 9 nömrəli prototipi 47 nömrəli Cetilar Villorba Corse protoipinin arxadan çarpması səbəbindən zədə aldı. Arxa təkərin partlamasına baxmayaraq fransız pilot pitə qayıtmağa cəhd etdi. Lakin, pitə yolu görünən zaman avtomobil həmişəlik dayandı.
Bütün bunlar Lotterer, Təndi və Yaniin pilotu olduğu 1 nömrəli Porsche prototipinin rəqibsiz qaldığını göstərirdi. Çoxsaylı LMP2 pilotları da bu heyət üçün rəqib deyildi.
Yarışın bitməsinə 3 saat qalmış çempion avtomobili ikinci yerdə yarışı davam etdirən məşhur aktyor Ceki Çanın komandasının prototipini 13 dövrə qabaqlayırdı.
Lakin, Lottererin idarə etdiyi avtomobilidə yağ təzyiqinin qəfil aşağı düşməsi onun yavaşlamasına və nəhayət yolun kənarında durmasına səbəb oldu.
Beləliklə, liderliyə sensasiyalı şəkildə Jackie Chan DC Racing ORECA komandasının prototipi yüksəlmiş oldu. Ho-Pin Tunun, Olivye Carvisin və Loren Tomasın pilotu oldu prototip yarışın bitməsinə 1 saat qalana qədər liderliyi davam etdirdi. Bernhard, Bamber və Hartlinin idarə etdiyi Porsche 919 Hybrid sportprototipi isə sürətlə irəliləyərək itirdiyi zamanı bərpa etməkdə idi.
Yarışın bitməyinə bir saat qalmış alman komandasının pilotları aradakı məsafəni ləğv edərək sakit tərzdə çin komandasının avtomobilin keçdilər. Bernhard problemsiz şəkildə damalı bayrağa qədər yarışı davam etdirərək, Ceki Çanın təmsilçilərini iki dövrə üstələmiş oldular. Çox güman ki, bu yarış uzun müddət müzakirələr mövzusu olacaqdır.
«Axır ki, arzuma çatdım, - «Le Manda» ilk qələbəsini qazanan Timo Bernhard bildirmişdir. - Əgər ilk dörd saatdan sonra mənə kimsə qələbə çalacağımızə söyləsəydi, buna inanmazdım. Komandanın mexanikləri problemi operativ şəkildə aradan qaldırdıqları üçün biz bu gün birinci ola bildik. «Le Manda» nə zaman nəyin baş verəcəyini bilmək olmaz. Hər şey mümkündür».
Jackie Chan DC Racing ORECA komandası marafonu ümumi sıralamada ikinci, LMP2 kateqoriyasında isə birinci olaraq tamamlamışdır. Komanda tarixində ilk dəfə olaraq öz kateqoriyasında Le Manda qalib gəlmişdir. LMP2 kateqoriyasında üçüncü, ümumi sıralamada ikinci Nelson Pike-cunior, Mattias Beş və Dəvid Hansondan ibarət heyət tutmuşdur. Toyota komandasının 8 nömrəli prototipi isə, yarışı doqquzuncu yerdə liderdən doqquz dövrə geridə qalaraq bitirmişdir.
GTE Pro kateqoriyasının finişi də dramatizmi ilə yadda qalmışdır. Bu kateqoriyada liderlik edən Corvette Racing pilotu Con Teylor, Yan Maqnussen və Antonio Qarsiya final şikanada qələbəni əldən vermişdirlər. Teylorun buraxdığı səhvdən istifadə edən Aston Martin pilotu Conatan Adam qələbəni bayram etmişdir.
Təkəri deşilən və tempini itirən Corvette pilotu finişə çatsa da, Ford Chip Qanassi Team komandasından Harri Tinknellanı irəli buraxaraq yalnız üçüncü ola bilmişdir.
GTE Am kateqoriyasında podiumu Ferrari avtomobillərində çıxış heyətlər qazanmışdır. Uil Stivens, Dris Vanthoor və Rob Smitdən ibarət olan heyət birinci, Marko Çyuçi, Aaron Skott, Dankan Kameron ikinci, Taundsen Bell, Bill Suidler və Kuper MakNil üçüncü olmuşdurlar.