Astom Martin Vantage GT12 sportkarının nadir rast gəlinən avtomobillərdən biri olduğunu hər kəs bilir. Bu avtomobilin tirajı 100 nüsxə ilə məhdudlaşdırılmışdır ki, bu modelin istənilən təkmilləşdirilmiş variantı avtomatik olaraq raritetlər siyahısına daxil olur. Almaniyanın Wheelsandmore tüninq atelyesinin mütəxəssisləri Aston Martin Vantage GT12 sportkarını öndə 265/30, arxada isə 325/20 ölçülü Dunlop Sportmaxx GT təkərləri geyindirilmiş və qara tutqun rəngə boyadılmış 20-düymülük F.I.W.E. təkər diskləri ilə təchiz etmişdir.
Xatırladaq ki, bütün Aston Martin Vantage GT12 sportkarları 592 at qüvvəsi və 625 Nm fırlanma anı olan 5,9-litrlik V12 mühərriki ilə hərəkətə gəlir. Müqayisə üçün bildirmək lazımdır ki, adi Aston Martin V12 Vantage S modelinin mühərriki 565 at qüvvəsinə və 620 Nm fırlanma anına malikdir.
Sporkarın mühərrikinin gücünün artırılmasına adi səsboğucu sistemdən 19 kiloqram az çəkiyə malik olan titandan hazırlanmış buraxılış sisteminin və yeni giriş kollektorunun sayəsində mümkün olmuşdur. Vantage GT12 yerindən 100 km/saat sürətini toplamağa 3,5 saniyə vaxt sərf edir.
Müqayisə üçün, Aston Martin V12 Vantage S modeli bu işə 0,2 saniyə daha artıq vaxt sərf edir. Bununla belə, Vantage GT12 modelinin maksimal sürəti 297 km/saat təşkil edir ki, V12 Vantage S modelində bu göstərici 329 km/saata bərabərdir.