Alman idman avtomobilləri istehsalçısı olan şirkəti avtomobillərin buraxılışını bərpa edəcəkdir. Motor-Talk nəşrinin yaydığı xəbərdə, Wiesmann və M GmbH şirkətləri yeni müqavilə imzalandığı da bildirilib.
Yeni müqaviləyə əsasən, M GmbH şirkəti Wiesmann firmasını S63 seriyasından olan 4,4-litrlik səkkiz silindrli turbomühərriklər ilə təchiz edəcəkdir. Xatırladaq ki, bu güc aqreqatları BMW şirkətinin M-seriyasından olan M5, M6, X5M və X6M modellərində quraşdırılır.
Maksimal konfiqurasiyada bu mühərriklər 600 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir. Wiesmann avtomobillərində quraşdırılacaq mühərriklərin hansı göstəricilərə malik olacağı açıqlanmayıb. Alman şirkəti avtomobillərin istehsalına 2014-cü ildə son vermişdi.
Bunun əsas səbəbi Wiesmann şirkətinin üzləşdiyi maliyyə problemləri olmuşdu. 2015-ci ildə markanın hüquqlarının Böyük Britaniyadan olan sərmayədarlar tərəfindən alındığı və onların brendin avtomobillərini bazara qaytarmaq niyyətində olduqları açıqlanmışdı.
Wiesmann şirkətinin istehsal etdiyi sonuncu model GT MF4-CS kupesi olmuşdu. Kupe 420 at qüvvəli səkkiz silindrli BMW mühərriki və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilirdi. Wiesmann GT MF4-CS 100 km/saat həddini 4,4 saniyəyə toplayırdı. Onun maksimal sürəti 293 km/saata bərabər idi.