Bu, Wilderness indeksli üçüncü Subaru modelidir. “Vəhşi” seriyadan olan ilk model iki il əvvəl debüt etmiş Subaru Outback Wilderness krossoveri olub. Sonra isə, Subaru Forester də Wilderness versiyasını alıb. İndi bu cərgəyə onların ən yığcam qohumu qoşulub. Əslində, qarşımızda duran avtomobil Impreza modelinin klirensi iki dəfə artırılmış və ofroud üçün uyğunlaşdırılmış versiyasıdır. Çümki orijinal Subaru Crosstrek modeli keçən il nəsil dəyişdirmiş Subaru Impreza hetçbekinin kross versiyasıdır.
Crosstek Wilderness versiyası böyük modellərlə eyni reseptə uyğun olaraq yaradılıb. Belə versiyanın əsas cəhəti gücləndirilmiş və daha uzun gedişli asqıdır. Model yeni yaylara və amortizatorlara sahib olub, klirens 220-dən 236 millimetrə qədər artırılıb. İndi giriş bucağı 20 dərəcəyə çatır (+ 2,0), çıxış bucağı isə 33 dərəcədir (+ 2,9). Bundan başqa, altlıq polad müdafiəyə, Yokohama Geolandar yolsuzluq şinləri taxılmış 17 düymlük təkər disklərinə sahib olub.
Subaru Crosstrek Wilderness krossoveri 185 at qüvvəli 2,5-litrlik atmosfer mühərriki və Lineartronic variatoru ilə təchiz edilir. Lakin transmissiyanın tənzimləmələrinə yenidən baxılıb, baş ötürmə qısaldılıb (3,7:1 əvəzinə 4,11:1) və əlavə olaraq, X-Mode elektron sisteminin yolsuzluq rejimləri (torpaq və palçıq üçün) yenidən sazlanıb. Arxa differensial gücləndirilib
Elektronika kəskin enişdə aşağı sürətlə hərəkəti aşkar edərsə, variator məcburi olaraq ən aşağı ötürmə nisbətinə (4.066:1) keçəcəkdir. Variatorun yolsuzluqda daha az qızması üçün onun soyutma sistemi gücləndirilib. Bu, həmçinin yedəyə alınan qoşqunun icazə verilən kütləsini iki dəfədən çox artırmağa imkan verib (1590 kiloqrama qədər). Qeyd olunan bütün təkmilləşdirmələri nəzərə alsaq kross-hetçbek 40 faizlik çınqıllı yoxuşu qət etməlidir.
Digər dəyişikliklər - dərində yerləşən duman əleyhinə fənərləri olan yeni qara bamperlər, böyük qanad genişləndiriciləri, plastik qapı qoruyucuları, fərqli radiator barmaqlığı və kapotun parıtıya qarşı örtüyü daxildir.
Bundan əlavə Wilderness versiyası gücləndirilmiş dam reylinqlərini alıb. Onlar 80 kiloqrama yük daşımağa imkan verir, dayanacaqda isə 318 kiloqrama qədər yükə tab gətirə bilir: məsələn, təbiətdə gecələmək üçün damda çadır qurmaq olar.
Salonda otuuracaqların suyadavamlı örtüyü və seçilən dekorasiyanı görmək olar. Üstəlik, kuzovda və salonda yeni versiyanın brend loqotipləri var. Wilderness versiyası 11,6-düymlük displeyli Starlink media sistemi və EyeSight elektron köməkçilər kompleksi də daxil olmaqla zəngin avadanlığa malikdir.
Wilderness versiyasında olan avtomobillər, digər 2,5-litrlik mühərrikli Crosstrek modelləri kimi, İndianadakı (ABŞ) Subaru zavodunda istehsal ediləcəklər. Ancaq yeni nəsldən olan adi kross-hetçbeklər burada yalnız yayda buraxılmağa başlayacaqlar, Crosstrek Wilderness isə payızda bazara çıxacaqdır. “Vəhşi” kross-hetçbekin qiyməti 32 min dollardan başlayır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.