Formula 1 çempionatının nüfuzlu komandalarından olan Williams F1 komandası yeni mövsümdə istifadə edəcəyi bolidini təqdim etmişdir. Qrouvdan olan kollektiv yeni reqlamentin tələblərinə uyğun olaraq yaradılmış bolidin formalarını nümayiş etdirən ilk komanda olmuşdur.

Bununla belə, Formula 1 çempionatını çoxdan izləyənlər, ilkin variant olaraq göstərilən bolidin çempionat başlayana qədər tədricən dəyişikliklərə məruz qalacağını gözəl bilirlər. Bunun əsas səbəbi də məlumdur – “Böyük sirkdə” kim sirr olaraq saxladığı “kozırlarını” öncədən nümayiş etdirmir.

Təsvirlərdən də göründüyü kimi, Williams mühəndisləri arxa antiqanadın formasını kardinal şəkildə dəyişmişdirlər. Bu antiqanad forması ilə, Ferrari’nin Pirelli şinlərinin testi zamanı istifadə etdiyi modifikasiya edilmiş bolidin qanadına çox bənzəyir. Avtomobilin ön hissəsinin dizaynı son iki ildə istifadə edilən üslubda hazırlanmışdır.

Komandanın 40 illik yubileyinin şərəfinə yeni bolid Williams FW40 adlandırılmışdır. Bu mövsümdə Qrouv komandasının rənglərini Felipe Massa və gənc pilot Lens Stroll müdafiə edəcəkdirlər. Bildiyimiz kimi, Valteri Bottasın Mercedes-AMG komandasına keçməsindən sonra Qrouv komandasının rəhbərliyi şlemini asılqana asmış Felipa Massanı geri çağırmalı olmuşdur.