Bu gün Willimas komandası yeni mövsümdə onun «rənglərini» təmsil edəcək yeni Formula 1 bolidini təqdim etmişdir. Bundan əvvəl daha iki komanda - Red Bull Racing və Renault F1 Team öz bolidlərinin rəng çalarlarını təqdim etmişdirlər. Bu komandalar təqdimat mərasimində yeni bolidlərini deyil, keçən mövsümdə istifadə olunmuş avtomobilləri nümayiş etdirmişlər. Beləliklə, Williams F1 komandası 2016-cı ilin bolidini təqdim etmiş ilk komanda olmuşdur.

Williams komandasının bolidləri ənənvi olaraq komandanın sahibi Frenk Uillyamsın inisialını daşıyır və yeni avtomoil FW38 indeksini almışdır. Yeni bolid keçənilki FW37-dən havalandırma girişi olan yan pontonların forması və arxa aerodinamik elementlərlə seçilir. Avtomobilin rəng çalarları dəyişilməz qalsa da, onun ilk yarışlara qədər bu sahədə yeniliklərin olması istisna edilmir.

Williams komandasında bildirmişlər ki, yeni bolid üzərində işlər keçən ilin yanvar ayının ortasından FW37 tam hazır olmadığı bir vaxtda başlanmışdır. Komandanın əsas məqsədi bolidin balans çatışmamazlığının aradan qaldırılması olmuşdur. Bolid yuxarı sürətlərdə yaxşı göstərsə də, aşağı sürətlərdə rəqiblərinə uduzurdu.

2016-cı ildə Williams komandasının şərəfini Felipe Massa və Valteri Bottas qoruyacaqdır. Keçən mövsümdə onlar komandaya 257 xal toplamağa və konstruktorlar çempionatında üçüncü yeri tutmağa kömək etmişdilər. Williams FW38 bolidin ilk kütləvi nümayişi 22 fevralda Barselonada baş tutacaq mövsüm testlərində keçiriləcəkdir.