World Car Awards müsabiqəsinin təşkilatçıları final səsverməsinin nəticələrini elan ediblər: 798 xal toplayan Volkswagen ID.4 elektrik krossoveri “İlin Dünya Avtomobili” adına layiq görülüb.
Baş mükafat uğrunda mübarizədə alman krossoveri Honda e (742 xal) və Toyota Yaris (732 xal) hetçbeklərini məğlub edib. Yeri gəlmişkən, bu avtomobillərin heç biri mükafatın ənənəvi olaraq verildiyi ABŞ-da satılmır. Ancaq ID.4 elektrokarının həqiqətən qlobal model olacağı məlumdur: elektrik krossoveri artıq Avropa və Çində buraxılır, gələn il isə onun Şimali Amerikadakı istehsalına başlanacaqdır. Məlum olduğu kimi, çox keçmədən arxa ötürməli ID.4 modelinə, iki mühərriklə hərəkətə gələn tamötürməli ID.4 GTX versiyası da qoşulacaqdır.
Xatırladaq ki, keçən il də bu müsabiqənin qalibi elektrik krossoveri olmuşdu: o zaman “İlin Dünya Avtomobili” adına Jaguar I-Pace layiq görülmüşdü. Bundan başqa, Jaguar elektrokarı “İlin Dünya Avtomobil Dizaynı” və “İlin Yaşıl Avtomobili” nominasiyalarında da qalib gəlmişdi. Sonuncu kateqoriya 2020-ci ildə ləğv edilib - 2022-ci ildən etibarən bu kateqoriya elektrokarlar üçün ayrıca nominasiya ilə əvəz olunacaqdır.
93 ölkəni təmsil edən jurnalistlərdən ibarət olan münsiflər heyəti “Dünyanın Dəbdəbəli Avtomobili” olaraq yeni Mercedes-Benz S-Class sedanını (853 xal) seçiblər. Alman sedanı bu kateqoriyada Land Rover Defender (774 xal) və Polestar 2 (815 xal) modellərinə qalib gəlib. Porsche 911 Turbo sportkarı 822 xalla Toyota GR Yaris (773 xal) və Audi RS Q8 (792 xal) modellərini qabaqlayaraq ən “Dünyanın İdman Avtomobili” olub.
“Dünyanın Şəhər Avtomobili” adı uğrunda mübarizədə Honda e (754 xal) modeli Honda Fit/Jazz (719 xal) və Toyota Yarisi (737 xal) hetçbeklərini məğlub edib. Nəhayət, “İlin Dünya Avtomobil Dizaynı” nominasiyasında Land Rover Defender (299 xal) böyük xal fərqi ilə Mazda MX-30 (197 xal) və Honda e (239 xal) üzərində inamla qələbə çalıb.