World Car of the Year (WCOTY) müsabiqəsinin təşkilatçıları bu ada iddialı olan 10 modelin siyahısını dərc etmişdir. Birinci yerin qalibi aprel ayında keçiriləcək Nyu-York avtosalonunda elan ediləcəkdir.
Planetin ən yaxşı avtomobili adına iddialı olan on avtomobildən beşi Volkswagen konserninin tərkibinə daxil olan markalar tərəfindən istehsal edilir. İddiaçıların final siyahısında dörd alman, üç yapon, Çexiya, Böyük Britaniya və İtaliyadan olan avtomobillər vardır. Dünyanın ən yaxşı avtomobili ilə yanaşı, Nyu-Yorkda «İlin ən yaxşı dəbdəbəli avtomobili», «İlin ən yaxşı sportkarı», «İlin ən yaxşı «yaşıl» avtomobili» və «İlin ən yaxşı şəhər avtomobili» nominasiyalarının qalibləri elan ediləcəkdir. Beləliklə, planetin ən yaxşı avtomobili olmağa layiq görülmüş avtomobillər bunlardır: Audi A5/S5, Audi Q2, Audi Q5, Fiat 124 Spyder, Honda Civic, Jaguar F-Pace, Mazda CX-9, Şkoda Kodiaq, Toyota C-HR və Volkswagen Tiguan.
«Ilin ən yaxşı sportkarı» nominasiyasında Aston Martin DB11, Audi R8 Spyder, Acura NSX, McLaren 570S, Porsche 718 Boxster/Cayman iddialıdırlar.
«Ilin ən yaxşı dəbdəbəli avtomobili» nominasiyasında Bentley Bentayga, BMW 5-Series, Genesis G90, Mercedes-Benz E-Class və Volvo S90/V90 çıxış edirlər.
«İlin ən yaxşı «yaşıl» avtomobili» müsabiqəsində Chevrolet Bolt, Honda Clarity, Hyundai Ioniq, Tesla Model X və Toyota Prius Prime iştirak edirlər.
«İlin ən yaxşı şəhər avtomobili» titulu uğrunda BMW i3, Citroen C3, Ford Ka+, Smart Cabriolet və Suzuki Ingis mübarizə aparacaqdırlar.
Xatırladaq ki, keçən ilki müsabiqənin qalibi Mazda MX-5 rodsteri olmuşdur. Yapon rodsteri finalda Audi A4, Mercedes-Benz GLC, Cadillac CT6, Mazda CX-3, Jaguar XE, Land Rover Discovery Sport modellərini üstələmişdir.