Toyota Gazoo Racing komandasının fin pilotu Yari-Matti Latvala klassik ralli çempionatının ikinci mərhələsi olan İsveç rallisinin qalibi olmuşdur. İsveç rallisinin final protokolunda ikinci və üçüncü yerləri Ford M-Sport komandasının pilotları Ott Tyanak və Sebastyen Ojye qərarlaşmışdırlar.

Fin pilotun qələbəsini, uzun müddətli fasilədən sonra dünya rallisinə qayıtmış Toyota şirkətinin böyük tarixi qələbəsi kimi qiymətləndirmək olar. Həqiqətən də fin pilot yeni Toyota Yaris WRC modeli ilə «dil tapmağı» bacarmışdır. Skandinaviyada qazandığı qələbə Yapi-Matti Latvalanın peşəkar karyerasında əldə etdiyi dördüncü qələbədir. Lakin Latvalanın bu qələbəsi, İsveçdə liderlik edən Hyundai i20 WRC pilotu Tyerri Nevilin buraxdığı səhvdən sonra mümkün olmuşdur. Yarışa 40 saniyə üstünlüklə liderlik edən Nevil 15-ci super xüsusi hissədə (SXH) avtomobilinin asqısını sındırdıqdan sonra Latvala liderliyə yüksəlmişdir. Bundan sonra Yari-Matti Latvalanın əsas vəzifəsi M-Sport pilotlarından müdafiə olunmaq idi. Nevilə gəldikdə isə, deyəsən Hyundai pilotu şənbə günü qəza keçirərək yarışdan kənarda qalmağı adətə çevirmişdir.

Xatırladaq ki, Monte-Karlo rallisində də belçikalı liderliyi sonuncu şənbə günü dopunda əldən vermişdi.

Powerstage’dən öncə Latvalanın Ott Tyanak üzərində üstünlüyü 20 saniyə təşkil etməsinə baxmayaraq, Yari-Matti sürətini azaltmamış və İsveç rallisinin sonuncu xüsusi hissəni qazanaraq beş xalı öz hesabına yazdırmışdır. Powerstage’də Sebastyen Ojye ikinci, Tyerri Nevil isə üçüncü olmuşdur. İsveç mərhələsinin nəticə protokoluna nəzər salsaq Latvalanın Tyanakı 29,2 saniyə üstələdiyini görə bilərik. Üçüncü nəticəni göstərmiş qüvvədə olan dünya çempionu Ojye liderdən 59,5 saniyə geridə qalmışdır.

«Bu inanılmaz bir şeydir. Yeni komanda, yeni avtomobil və qələbə. Öz hisslərimi ifadə etmək üçün söz tapa bilmirəm», - deyən fin pilot hədsiz sevincini gizlədə bilməmişdir.

M-Sport komandasının Ford Fiesta WRC avtomobilində çıxış edən estoniyalı pilot Ott Tyanak da öz çıxışından razı qalmışdır: «Ümumilikdə bu həftəsonunu uğurlu saymaq olar. Biz dünən sürətli idik, və mən buna çox şadam».

M-Sport üçün ikiqat podiumu təmin edən Ojye hisslərini belə ifadə etmişdir: «Biz podiuma çıxmağı bacardıq və bu sevindirməyə bilməz. Rallinin çox mürəkkəb şəraitdə keçməsinə baxmayaraq biz çempionat üçün gərək olan vacib xalları əldə etdik». İki mərhələdən sonra turnir cədvəlindəki vəziyyətə nəzər salsaq, Ojyeni dörd xal üstələyən Latvalanın liderliyə yüksəldiyini görərik.

Üçüncü yerdə, Latvaladan 15 xal geridə qalan Tyanak qərarlaşmışdır. İsveç rallisinidə dördüncü yeri Hyundai pilotları arasında ən uğurla çıxış edən Dani Sordo əldə etmişdir. Citroen komandasının pilotu Kreq Brin isə beşinci yeri tutmağa nail olmuşdur. WRC çempionatının növbəti mərhələsi 9-12 mart tarixlərində Meksikada keçiriləcəkdir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt