Hyundai komandasının belçikalı pilotu Tyerri Nevil, Argentina rallisinin son xüsusi hissəsində, Elfin Evansı 0,7 saniyə qabaqlayaraq qələbəni uelslinin əlindən almış oldu.
Artıq xəbər verdiyimiz kimi, Evans liderliyə rallinin ilk günündə yüksəlmişdi. O, doqquz dopdan altısında qələbə çalaraq rəqibləri arasındakı fərqi bir dəqiqəyə çatdırmışdı. Lakin, şənbə günü iki təkər deşilməsi, diffuzorun zədələnməsi və əyləc problemi ucbatından uelsli bu fərqi itirmişdir. Evans sonuncu günü Nevillə 11 saniyəlik fərq ilə başlamışdır. Bazar günü ilk xüsusi hissədə DMASK pilotu rəqibinə nisbətən daha 2,5 saniyə vaxt itkisinə məruz qaldı. Sonncu dopa bir hissə qalmış isə, Nevil rəqibinə güclü zərbə vuraraq bir dəfəyə 8,4 saniyə vaxtı qapatmışdır. Beləliklə, iki lider sonuncu 18-ci dopa Evansın 0,6 saniyə üstünlüyü ilə yollanmışdırlar.
Birinci spliti Evans belçikalıdan 2,5 saniyə yeyin qət etsə də, sonrakı bölümlərdə yavaş oldu və finişdə Nevildən 1,3 saniyə geridə qaldı. Bu artıq məğlubiyyət demək idi.
“Mən belə böyük üstünlüyü itirdiyim üçün çox məyusam. Bununla barışmaq çətin olsa da, bilirəm ki, biz daha da güclü olacağıq, - Evans sonuncu Xüsusi Hissədən sonra qeyd etmişdir. – Mən dopun ortasında kiçik səhvə yol verdim ki, bu səhv həlledici oldu. Cümə günü əldə etdiyimiz liderliyi xatırlasaq, qələbəni sonda əldən vermək çox məyusedicidir. Baş verənlərdən nəticə çıxarmaq gərəkdir”.
Argentinadakı qələbə Korsika rallisindən sonra Nevilin ikinci ardıcıl qələbəsi olmuşdur. “Bu həyatımda izlədiyim ən mürəkkəb anlar idi, - final dopu başa vurmuş və sonuncu start alan Evansın çıxışını izləyən Nevil qeyd etmişdir. – Birinci bölümdə o məndən yeyin olsa da, ikincidə biz liderliyi ala bildik”.
Üçüncü yerdə isə M-Sport komandasının eston pilotu Ott Tanyak finiş görmüşdür. Onun titullu komanda yoldaşı Sebastyen Ojye isə, bu mövsümdə ilk dəfə olaraq, ilk üçlüyün xaricində qalmışdır. Yol verdiyi bir neçə səhv, beşinci günün təmizlənməmiş yolu və şənbə günü yaşadığı mexaniki problemlər dördqat dünya çempionunu ilk beşliyin sonuna atmışdı. Nəticədə, Ojye yalnız dördüncü olmuşdur.
“Düzünü desək, nəhayət ki bu rallinin bitdiyinə sevinirəm, - çempionatın lideri bildirmişdir. – Bu həftəsonu çox mürəkkəb keçdi. Mən bir neçə xal qazanmağa müvəffəq oldum və bu sevindirməyə bilməz”. Ojyenin keçmiş komanda yoldaşı Yari-Matti Latvala (Toyota) beşinci yeri tutmuşdur. Halbuki, mühərriklə poblem yaşamayana qədər o, cümə günü, Evansı təqib edən yeganə pilot idi.
Argentina rallisinin keçən ilki qalibi Heydon Paddon (Hyundai) yaşadığı çoxsaylı problemlərə baxmayaraq altıncı finiş görmüşdür.
Toyota komandasının ikinci pilotu Yuko Hanninen isə yeddinci yerə sahib olmuşdur. İlk onluğu Dani Sordo (Hyundai), Mads Ostberq (M-Sport) və Şkoda Motorsport pilotu Pontus Tidemand (WRC2 kateqoriyası) tamamlamışdır. Beş mərhələdən sonra Sebastyen Ojye 102 xalla çempionata liderlik edir. Onu 86 xalla Latvala və 84 xalla Nevil təqib edir.
Növbəti mərhələ 18-21 may tarixlərində Portuqaliyada keçiriləcəkdir.