İlk Xiaomi elektromobilinin şəkilləri Çin bazarına çıxmazdan əvvəl avtomobilləri təsdiqləyən Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dərc edilib. Smartfon istehsalçısının ilk avtomobili SU7 adlanır, lidar və 673 at qüvvəsi hasil edən elektrik güc aqreqatı ilə təchiz edilib. Bununla belə, Xiaomi elektrokarının istehsalı Çinin avtomobil nəhəngi - BAIC konserninə həvalə olunub.

Xiaomi şirkətinə avtomobil bazarına yol açacaq futuristik elektromobil əvvəllər daxili MS11 və Modena  adları ilə nişanlanıb. O, ölçülərinə görə Hyundai Sonata modelindən daha böyük olan iri sedandır: elektrokarın uzunluğu 4997 millimetr, eni -1963 millimetr, hündürlüyü isə 1455 millimetr təşkil edir. SU7 modelinin oxları arasındakı məsafə üç metrdir. Təkər disklərinin ölçüləri 19 və 20 düym, şinlərin isə 245/45 və 245/40-dır.

Ümumilikdə üç təchizat səviyyəsi təklif ediləcək - adi SU7, SU7 Pro və SU7 Max, lakin onların spesifikasiyası hələlik məlum deyil. Bəzi variantlarda ön şüşənin arxasında quraşdırılmış lidar, ön dayaqda isə, avtomobilin sahibini üzdən tanıyan kamera, habelə aktiv antiqanad olacaq. Ödənişli yollarda gediş haqqını ödəmək üçün quraşdırılmış transponder də mövcud olacaq – özü də o, baza avadanlığı sayılır.

İnteryeri hələlik yalnız casus şəkillərində görmək olar. Burada yığcam rəqəmsal cihazlar paneli, multimedia sistemi üçün böyük sensorlu planşet və “kəsilmiş” üçqollu çoxfunksiyalı sükan çarxı əks olunub

Güc qurğusu iki versiyada təklif olunacaq: 300 at qüvvəli arxa ötürməli və 673 at qüvvəli tam ötürməli. Elektrik mühərrikləri Şanxayda yerləşən United Automotive Electronics şirkəti tərəfindən təmin ediləcək. Arxa ötürməli SU7 modelinin boş çəkisi 1980 kiloqram, maksimal sürəti isə 210 km/saatdır. Top versiya həm daha ağır (2205 kiloqram), həm də daha sürətlidir: o, 265 km/saata qədər sürətlənə bilir.

Batareyalar da fərqlidir. Başlanğıc səviyyəli güc qurğusu BYD litium-dəmir-fosfat batareyası, ən güclü variant isə, CATL şirkətinin litium-nikel-manqan-kobalt batareyası ilə təchiz edilir. Güc xarakteristikaları və yürüş ehtiyatı açıqlanmayıb, baxmayaraq ki, əvvəllər insayderlər SU7 modelinin 101 kilovat-saatlıq  dartma batareyası və 800 kilometrlik yürüş məsafəsindən danışırdılar. Xiaomi ƏS ilə çalışan multimedia sistemi və qabaqcıl avtopilot haqqında da məlumat da internetə sızdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xiaomi SU7 modelinin istehsalına 2023-cü ilin dekabrında, satışlarına isə 2024-cü ilin fevralında başlanacaq. Pekindəki BAIC zavodu artıq elektromobilin müəyyən sayda sınaq nüsxələrini də yığıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.