Xiaomi şirkəti öz smartfonlarında virtual avtomobil açarını tətbiq edib. Near field communication (NFC) texnologiyasına əsaslanan yeni funksiya Google şirkəti ilə birlikdə hazırlanıb. Bununla belə, onun tətbiqi hələlik məhdudlaşdırılıb. Xiaomi şirkətinin baş direktoru Ley Tsyun virtual açarın yalnız yeni 13 seriyasından olan Xiaomi 13 və Xiaomi 13 Pro flaqman smartfonlarının alıcıları üçün əlçatan olacağını bildirib. Onunla yalnız BMW avtomobillərinin kilidini açmaq mümkün olacaqdır.
Bu ərəfədə, uzun müddətdir ki, Google ilə əməkdaşlıq edən Xiaomi şirkəti beynəlxalq bazar üçün nəzərdə tutulmuş yeni 13 seriyasından olan smartfonların təqdimatını keçirib. Digər yeniliklərlə yanaşı, Android smartfonlarında artıq rəqəmsal avtomobil açarı da var. Tsyun bu barədə məlumatı təqdimatdan dərhal sonra Twitter şəbəkəsindəki səhifəsində yayıb.
Google Wallet proqramı vasitəsilə avtomobilin kilidini açmaq, bağlamaq və mühərriki işə salmaq mümkün olacaqdır. Bundan başqa, avtomobil sahibi bu proqramdan istifadə edərək rəqəmsal avtomobil açarını dostları və ya ailə üzvləri ilə paylaşa biləcəkdir.
Çin texnologiya nəhənginin rəhbərinin sözlərinə görə, funksiya artıq Xiaomi 13 və Xiaomi 13 Pro smartfonlarında mövcuddur. Lakin "kiçik" 13 Lite modeli ismarıcda qeyd olunmayıb.
Bildiyiniz kimi, Xiaomi şirkəti avtomobil seqmentinə daxil olmağa çalışır. Bir neçə il əvvəl şirkət özünün "ağıllı" ekosisteminin tərkib hissəsinə çevriləcək elektromobilin hazırlanması üçün xüsusi bölməni də yaradıb. Sayı milyonlarla ölçülən Xiaomi texnikasının istifadəçilərinin yüzdə biri belə bu layihəyə şans verərsə, şirkət rəhbərliyi bunun fantastik bir başlanğıc olacağını proqnozlaşdırır.
Hazırda ilk Xiaomi avtomobili yol sınaqlarından keçir. Bu, dördqapılı aerodinamik kuzovu, iki variantda batareyanı və qabaqcıl avtonom idarəetmə sistemini, habelə MS11 və ya Modena adını alacaq elektromobil olacaqdır. İnsayderlərin verdiyi son məlumata görə, Xiaomi elektromobili 2024-cü ilin birinci rübündə Çində satışa çıxmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.