Xiaomi elektronika nəhənginin ilk avtomobili cari yazda bazara çıxıb. Yayda isə, Çin şirkəti təkcə satış rekordları deyil, həm də idman rekordları qeydə almaq arzusunda olduğunu açıqlayıb. Xiaomi SU7 Ultra prototipi xüsusi olaraq Almaniyanın məşhur Nürburqrinq trekini fəth etmək üçün yaradılıb və o, 28 oktyabr tarixində “Nordschleife” hissəsində dövrə rekorduna imza atıb, dünəndən başlayaraq isə, onun mülki versiyasına sifarişlərin qəbuluna start verilib.
Xiaomi SU7 Ultra elektromobili ilk cəhddən rekorda imza ata bilməyib. Şirkət əvvəlcə alman trekini 9 və 10 oktyabr tarixləri üçün sifariş etsə də, hər iki gün yağmurlu keçib. Gediş oktyabrın 17-nə təxirə salınıb, lakin bu dəfə də “Şimal İlgəyi” koreyalıları yağışla qarşılayıb. Avtomobil yalnız oktyabrın 21-də digər gedişlərin arasında vaxt taparaq trekə çıxa bilib. Həmin gün qeyri-müəyyən şərait rekord cəhdinin uğurla başa çatmasına mane olub.
Növbəti gediş oktyabrın 28-i saat 11:00 - 12:00 arasında təyin edilib. Britaniyalı sürücü Dəvid Pittardın idarə etdiyi avtomobil 11:50-də starta çıxıb və 7 dəqiqədən az müddətdə finiş xəttini keçib. Həmin gün axşam alman trekinin mütəxəssisləri dövrə vaxtını təsdiqləyiblər: Xiaomi SU7 Ultra prototipi 20,8 kilometrlik dövrəni 6 dəqiqə 46,874 saniyəyə qət edib!
Müqayisə üçün qeyd edək ki, Porsche Taycan Turbo GT elektrokarı bu ilin əvvəlində dövrəni 7:07,55 zamanı ilə başa vurub. Xiaomi dördqapılı avtomobillər üzrə Nürburqrinqin yeni rekordunu qeydə aldığını elan etməkdə gecikməyib. Bununla belə, hələlik rekordu qeydə alan Xiaomi elektrokarı prototip statusuna malikdir və onunla seriya avtomobili arasında əhəmiyyətli fərqlərin olacağı gözlənilir.
Nə olursa olsun, belə təsiredici nəticə Ultra versiyada aparılmış ciddi təkmilləşdirmələr sayəsində əldə edilib. Sedan üç mühərrikli və tam ötürməlidir: arxa oxda iki Xiaomi V8s elektrik mühərriki (hər biri 578 at qüvvəsi və 635 Nm), öndə isə, bir Xiaomi V6s (374 at qüvvəsi, 500 Nm) aqreqatı var. Sistemin pik hasilatı 1548 at qüvvəsi və 1770 Nm fırlanma anıdır.
900 volt işləmə gərginliyi və 1330 kilovata qədər möhtəşəm çıxışı olan qabaqcıl CATL Qilin II batareyası da bu işə öz töhfəsini verib. Üstəlik, hətta 20% yüklə olsa belə, o, 800 kilovata qədər enerji ötürməyə qadirdir. 5.2C yüksək yeyin doldurma standartı dəstəklənir, yəni batareya 93,7 kilovat/saat tutumundan beş dəfədən çox elektrik qəbul edə bilir. Bir sözlə, DC şarjın maksimal gücü 480 kilovatdır, batareyanı 10-dan 80 faizə qədər doldurmaq üçün 11 dəqiqə kifayətdir.
Elektromobilin şassisi ciddi şəkildə təkmilləşdirilib: Ultra versiyada tənzimlənən Bilstein Evo T1 vintli dayaqları olan yaylı asqı var. Karbon-keramika əyləcləri Akebono tərəfindən təmin edilir: diskin diametri öndə 430, arxada isə, 410 millimetrdir. Nəhayət, aerodinamika ciddi şəkildə təkmilləşdirilib. Rekord prototipi təkcə arxada nəhəng antiqanada, öndə böyük splitterə malik deyil, bundan başqa, demək olar ki, bütün xarici panellər yenidən işlənib: ümumi sahəsi 15 m² olan 24 hissə karbonolastikdən hazırlanıb ki, bu da prototipin çəkisini 1900 kiloqram çərçivəsində saxlamağa imkan verib. Belə kuzov dəsti 350 km/saat sürətində 2145 kiloqram ekvivalentində yerəbasma qüvvəsini təmin edir!
Seriya Xiaomi SU7 Ultra sedanı standart kuzova və daha sadə aerodinamik dayağa malikdir: elan edilmiş yerəbasma gücü cəmi 285 kiloqramdır. Buna görə də, “Şimal İlgəyində” prototip tərəfindən göstərilən dövrə vaxtı Taycan ilə birbaşa müqayisə edilə bilməz. Bununla belə, texnologiya baxımından seriya Ultra sedanı rekord prototipini təkrarlayacaq. 100 km/saata sürətlənmə vaxtı 1,97 saniyə, 200 km/saata - 5,96 saniyə, 300 km/saata isə, 15,07 saniyədir. Maksimal sürət 350 km/saatdan çoxdur. Seriya avtomobili, əlbəttə ki, yarış “çalovları” və prototipin çərçivəsinin əvəzinə mülki interyerə sahib olacaq.
Çində Xiaomi SU7 Ultra sedanını artıq 814 900 yuana (114 min dollar) sifariş etmək olar və ərizələrin qəbuluna başlandıqdan sonra ilk on dəqiqə ərzində 3 680 avtomobil bron edilib. Elektromobillərin müştərilərə çatdırılmalarına yalnız 2025-ci ilin mart ayında başlanacaq. Müqayisə üçün: Çində Porsche Taycan Turbo GT sedanının qiyməti 2 milyon yuandan (280 min dollar) başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.